GÜNDƏM

Ərdoğan ABŞ-ın bəzi terror təşkilatlarına dəstək verməsini təəssüflə xatırladıb

“Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik.” “Anadolu” agentliyinə istinadən xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib. ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə danışan Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib: “Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram.”
Ərdoğan Əfqanıstanla bağlı yeni miqrasiya dalğasına da toxunub: “Biz tədbirlərimizi görürük və bu nöqtədə qapılarımızı kütləvi miqrasiyaya açmaq niyyətində deyilik.” Türkiyə rəhbəri Avropa Birliyinin öz ordusunu qurmağı ilə bağlı müzakirələrin nəticə verəcəyinə inanmadığını qeyd edib: “Bu mümkün bir layihə deyil, mümkün deyil.”- o qeyd edib.

T.Rüstəmov