DÜNYA

Bill Qeyts 66 yaşını məhz Türkiyədə qeyd edib

“Microsoft”-un qurucusu Bill Qeyts 66 yaşını Türkiyədə milyarder dostu, “Amazon”-un qurucusu Ceff Bezosla  birlikdə qeyd edib. Bu haqda “Daily Mail” nəşrinin yazdığına görə, Bezos Qeytsin Aralıq dənizi sahilində xüsusi gecəsinə dəvət olunan 50 qonaqdan biri olub. Bir vaxtlar dünyanın ən varlı adamı olan Qeyts, indi 124 milyard dollar gəlirlə dördüncü ən varlı adamıdır. Şənlikdən sonra 177 milyard dolları olan və “Forbes”-ə görə dünyanın ikinci ən varlı adamı sayılan Bezos vertolyotla Gökobadakı “Flying Fox” yaxtasına qayıdıb. Dörd saat davam edən tədbir qapalı şəraitdə keçirilib. Şənliyi müşayiət edən bütün əməkdaşlara telefonlarından istifadə etmək qadağan olunub.
Xatırladaq ki, multimilyarder Bill Qeyts oktyabrın 22-i səhər saatlarında Türkiyənin Quşadası körfəzi sahillərindəki yaxtada görünüb.  Bundan öncə –  iyulun sonlarında – isə “Microsoft”  yaradıcısı  lüks yaxtası ilə Bodrumda görüntülənib. Daha sonra Qeyts və dostları bahalı restoranların birində nahar edib. O, nahardan sonra restorana artıqlaması ilə – 80 min lirə (16 min manat) hesab ödəyib. İndi dünyada çoxlarını bu sual düşündürür: Bill Qeyts niyə 66 yaşını planetin başqa bir gözəl məkanında yox, məhz Türkiyədə qeyd etdi?

T.Rüstəmov