MƏDƏNİYYƏT

Dünən Akademik Musiqili Teatrın pərdələri yenidən açıldı

Nəhayət, uzun “COVID 19 fasiləsi”-ndən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrı qapılarını tamaşaçılarının üzünə açıb. Teatr 112-ci mövsümünə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası ilə başlayıb.  Əsrlərin sınağından çıxan bu tamaşa dəfələrlə nümayiş olunmasına baxmayaraq, hər zaman rəğbətlə qarşılanıb, teatrsevərlərə gözəl və yaddaqalan anlar bəxş edib. Akademik Musiqili Teatrda sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından – indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan bu tamaşanın rejissoru Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır.
Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar  Elxan İsmayılov, Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili, Elçin İmanov, Telnaz Hüseynova, Fərid Rzayev, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Rahib və Nuray Məmmədzadələr və başqaları çıxış ediblər.

T.Rüstəmov