SİYASƏT

Ermənistanda “türkofobiya” artır

“Armnews” telekanalının şərhçisi David Sarkisyan “Ermənistanın səsi” nəşrindəki məqaləsində Türkiyənin regionda artan fəallığından dərin narahatlıq ifadə edib: “Türkiyə Prezidenti və Xarici İşlər naziri faktiki olaraq Ermənistan–Türkiyə  arasında həyata keçirilən gizli danışıqlara eyham vurdular, bizim hakimiyyət isə bu faktı aylarla təkzib etdi. Ərdoğan işğal olunmuş Kövsakanda (Zəngilan) bildirdi ki, İrəvanla Ankara arasında münasibətlərin qurulmasının ilkin şərti hərtərəfli Ermənistan–Azərbaycan razılaşmasıdır.  Çavuşoğlu isə əlavə etdi ki, Türkiyə İrəvanla Bakı arasında “sülhə hazırlıq” prosesini koordinasiya etməyə hazırlaşır.”
Erməni şərhçi daha sonra yazıb:
“Türkiyə dönməz şəkildə Rusiyanın  Cənubi Qafqazdakı təsir zonasına və ya Qərbdə deyildiyi kimi, məsuliyyət zonasına  soxulub. Bu gün obyektiv reallıq ondan ibarətdir ki, Ermənistanla sərhəddə hərbi qüvvələrini və Qarabağda sülhməramlı qüvvələrini yerləşdirən Rusiyadan başqa istənilən digər ölkə, o cümlədən, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri (ABŞ və Fransa) Ermənistan–Azərbaycan sərhədində və ya Qarabağda qoşun yerləşdirməyə tamamilə hazır deyil. Əks halda təxminən 6 ay əvvəl Nikol Paşinyan tərəfindən  səslənən gəlib sərhədimizdə dayanmaq çağırışına,  bir dənə də olsun, cavab verilərdi.”
“Armnews” telekanalının şərhçisi David Sarkisyan sonda bildirib:
“Ənənəvi olaraq, bu bölgədə Türkiyənin iştahını cilovlayan və düşmənçilik törədəcəyi təqdirdə onu hədələyən dövlət Rusiya Federasiyası idi. Rusiya kontingenti Ermənistanı tərk edərsə, burada türk qoşunları yerləşdiriləcək– başqa variant görünmür. Yalnız onu başa düşmək qalır ki, nədən 44 günlük müharibədə Rusiyanın vasitəçilik missiyaları mütəmadi olaraq uğursuzluğa düçar oldu və döyüşlər yalnız Azərbaycana əlverişli coğrafi şəraitdə dayandırıldı?” – deyə o qeyd edib.

T.Rüstəmov