GÜNDƏM

İsrail silahlarının ən böyük alıcıları arasında Azərbaycan da var

“Hindistan İsrail silahlarının əsas alıcısına çevrilir.” Bu barədə “The Jerusalem Post”qəzetinin verdiyi məlumata görə, iki ölkə müdafiə sahəsində əməkdaşlığın yeni sahələrini müəyyən etmək üçün 10 illik əməkdaşlıq planı hazırlayacaq işçi qrupu yaratmaq barədə razılığa gəlib. Son bir neçə il ərzində İsrail Hindistanı müxtəlif silah sistemləri, raketlər və pilotsuz uçuş aparatları ilə təchiz edib ki, bu da Hindistanı İsrailin hərbi texnikasının ən böyük alıcılarından birinə çevirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2020-ci il hesabatında qeyd olunub ki, İsrailin son dörd ildə silah ixracı indiyə qədərki ən yüksək göstərici olub və qlobal həcmin üç faizini təşkil edib.  İsrail dövləti dünyanın səkkizinci ən böyük silah tədarükçüsü olub. Hesabata görə, İsrail silahlarının ən böyük üç alıcısı Hindistan (ümumi 45 faiz), Azərbaycan (17 faiz) və Vyetnamdır (8,5 faiz). Hindistana silah satışı ardıcıl olaraq ildə 1 milyard dolları keçir. Qeyd edək ki, sentyabr ayında Hindistan Çinlə davam edən sərhəd münaqişələri fonunda ölkənin ordusunu modernləşdirmək planlarının bir hissəsi olaraq “İsrail Aerospace Industries”-dən, təxminən, 200 milyon dollara 4 “Heron MK II” alıb. Hindistan Hərbi Hava Qüvvələri artıq İsrail istehsalı olan 180-dən çox PUA-dan istifadə edir.

T.Rüstəmov