CƏMİYYƏT

Tacikistan portalında erməni vandalizmindən bəhs edən yazı dərc olunub.

Tacikistanın “faraj.tj” portalında erməni vandalizmindən bəhs edən “İnsanlıq əleyhinə yönələn erməni vandalizmi” sərlövhəli geniş məqalə dərc olunub. Məqalədə bildirilir ki, ermənilərin 200 ildən artıq müddətdə Azərbaycan xalqına qarşı apardığı məkrli siyasət – tarixi, dini abidələrin, müqəddəs məkanların və məbədlərin dağıdılması – Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə maddi-mədəniyyət nümunələrinin, tarixi-dini abidələrin məhv edilməsi bu terrorçu dövlətin işğalçılıq siyasətinin tərkib hissəsidir. Qeyd olunub ki, 1991-1994-cü illərdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd və Cəbrayıl rayonları işğal edilib, 20 min insan həlak olub, 4866 nəfər əsir götürülüb və ya itkin düşüb, 100 min nəfər yaralanıb, onlardan 50 mini isə əlil olub. Diqqətə çatdırılıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 900 yaşayış məntəqəsi, evlər, sənaye və kənd təsərrüfatı obyektləri, məktəblər, mədəniyyət və səhiyyə müəssisələri, avtomobil yolları, körpülər, elektrik xətləri və sair dağıdılıb. Məqalədə həmçinin, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın əldə etdiyi zəfərdən, eləcə də azad olunan ərazilərimizdən də bəhs olunub. Bu müharibə günlərində də ermənilərin şəhər və kəndlərimizi – Gəncə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Beyləqan, Ağdam və Füzulini – raketlərdən atəşə tutması, tarixi və dini abidələrimizi dağıtması xüsusilə vurğulanıb.