İQTİSADİYYAT

Zəngəzur dəhlizinin açılması Ermənistanı böhran vəziyyətindən çıxara bilər

“Ermənistanda iqtisadi vəziyyət Vətən müharibəsindən əvvəl kəskin şəkildə pisləşmişdi. Döyüşlər getdiyi dövrdə isə mövcud böhranın daha da dərinləşdiyi müşahidə olundu. Hətta beynəlxalq təşkilatlar tərəfindən kredit reytinqləri də aşağı salındı. Belə acınacaqlı vəziyyət indi də davam edir və bu hal Ermənistan iqtisadiyyatının makroiqtisadi göstəricilərində pisləşmənin hökm sürdüyündən xəbər verir. İşğalçı ölkənin xarici borcunun ÜDM-dəki payının 60 faizdən çox, valyuta ehtiyatlarının kifayət qədər kiçik və büdcənin fiskal imkanlarının məhdud olduğunu nəzərə alsaq, o zaman məğlub respublikanın hazırki vəziyyəti barədə daha aydın təsəvvür yaranar.” Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O, fikrinə əlavə edib ki, Ermənistan mövcud şəraitdən çıxmaq üçün region ölkələri ilə əməkdaşlıqda, həmçinin kommunikasiyaların və paralel olaraq Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır.
Bu gün Ermənistanın qarşısında iki yol var: birincisi, revanşist meyilləri davam etdirib, iqtisadi tənəzzülünü daha da dərinləşdirməkdir. Təbii ki, belə halda Azərbaycan istənilən revanşist meyillərə cavab vermək gücündədir və bu sadəcə Ermənistanın özü üçün yeni bir təhlükə ola bilər. İkincisi, kommunikasiyaların, eləcə də Zəngəzur dəhlizinin açılması ilə regionda iqtisadi əməkdaşlığın paralel şəkildə bərpa edilməsidir.
Vüqar Bayramov açıqlamasının sonunda bildirib: “Azərbaycan sülh müqaviləsi imzalamaqda və bütövlükdə regionda sülhün bərqərar edilməsində maraqlıdır. Ona görə də Ermənistan iqtisadiyyatının inkişafı, eyni zamanda, qonşularının ərazi bütövlüyünü tanıması və sülh şəraitində yaşamaq istəyindən asılıdr. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Ermənistan üçün iqtisadi əhəmiyyət daşıya bilər. Əgər Ermənistan müşahidə olunan iqtisadi tənəzzülün qarşısını almaq və iqtisadiyyatı mərhələli şəkildə bərpa etmək istəyirsə, kommunikasiyaların açılması onun üçün xüsusi bir alternativdir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması bütövlükdə region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq. Nəzərə alsaq ki, Türkiyə tərəfindən 6-lıq platforması təklif olunub. Bu həm 3 region ölkəsinin (Azərbaycan, Gürcüstan, Ermənistan), həm də regionla qonşu 3 ölkənin (Türkiyə, Rusiya, İran) iqtisadi maraqlarına uyğun hesab olunur.”