Müharibə qəhrəmanlarımız

Şəhid baş gizir Nahid Mikayılovun ildönümü keçirilib

Şəhid baş gizir Nahid Mikayılov

Oktyabrın 31-də 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Mikayılov Nahid Sovqat oğlunun ildönümü keçirilib.
Kürdəmir rayon “Şəhidlər xiyabanı”-nda baş tutan anım tədbirinin aparıcısı vətən müharibəsinin 39 kürdəmirli şəhidinə həsr etdiyi “Ölümü ömür seçənlər” kitabının müəllifi, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı idi.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti əvəz edən Ağəli Kərimli,  Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin, İmam Rza məscidinin axundu Füzuli Cəfərov, Ağ partiyanın sədri, jurnalist Tural Abbaslı bloqer Elçin Lənbəranski, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Cümə məscidinin xocası Aqil Əliyev, qazi döyüş yoldaşı Nazim Əsədov, N saylı hərbi hissənin mayoru Ramiz Abdullayev , şəhid anaları, şəhər 2 və 6 saylı məktəblərin müəllim və şagirdləri çıxış edərək şəhidin vətənpərvərliyindən, döyüş yolundan bəhs ediblər.
Vətən müharibəsində igidliklə döyüşərək, şəhidlik zirvəsinə ucalan baş gizir Mikayılov Nahid Sovqat oğlu 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. 1989-cu ildən 1999-cu ilədək Şilyan kənd orta məktəbində təhsil alıb.
Ömrünü vətənə xidmətə həsr edən Nahid 20 il Milli Ordumuzda qüsursuz xidmət edib. 5 il Gəncədə, 15 il Ağdamda xidmət göstərmiş, Aprel döyüşlərində iştirak etmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2-ci dərəcəli və 1-ci dərəcəli medallar ilə təltif olunmuşdur. İkinci Qarabağ savaşında öz bölüyü ilə misilsiz şücaət göstərən Nahid oktyabrın 30-da Ağdam uğrunda gedən döyüşdə ağır yaralanır. Həkimlərin səyinə baxmayaraq, 7 saatlıq əməliyyat nəticəsiz qalır və Nahid Şəhidlik zirvəsinə ucalır. 31 oktyabrda baş gizir Nahid Mikayılov Kürdəmir şəhər “Şəhidlər xiyabanı”-nda dəfn olunur. Mikayılov Nahid Sovqat oğlu hərbidə qüsursuz xidmətinə görə dəfələrlə medal və fəxri fərmanlarla təltif olunub.
Vətən müharibəsi şəhidi baş gizir Nahid Sovqat oğlu Mikayılov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. Nahidin xoşbəxt ailəsi vardı… İndi müqəddəs şəhidimizin bizə 3 əmanəti – 13 yaşlı Nihatı, 12 yaşlı Nicatı, atasının adını daşıyan 3 yaşlı Nahidi qalıb. Tədbirin sonunda şəhidin həyat yoldaşı Jalə Mikayılova, oğlu Nihat Mikayılov öz xatirələrini bölüşdülər. Anım tədbirində iştirak edən hər kəsə minnətdarlıqlarını bildirdilər.