Müharibə qəhrəmanlarımız

Şəhid Rafiq Heydərovun adı ibtidai sinifdə əbədiləşdirildi

44 günlük Vətən müharibəsində canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir. Bu siniflərdə yaradılacaq guşələrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılmaları üçün davamlı və genişmiqyaslı iş aparılır. Bu məqsədlə sinif otağına şəhidlərimizin adlarının verilməsi artıq ənənəyə çevrilmişdir. İkinci Qarabağ döyüşlərinin iştirakçısı Rafiq Rahim oğlu Heydərovun adı Yasamal rayon 167 saylı tam orta məktəbin 2 “C” sinfinə verilmişdir. Bu məqsədlə məktəbdə keçirilən tədbir dövlət himni ilə açıldı və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sinfin rəhbəri Pərvanə Bağırova tədbiri açaraq təhsil ocağının nümunəvi siniflərinə şəhidlərimizin adlarının verilməsinin şagirdlərin vətənə məhəbbət hissinin, vətənpərvərlik duyğularının daha da yüksəlməsində, təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynadığını bildirdi. Məktəbin ibtidai siniflər üzrə dərs hissə müdiri Möhtərəm Əliyeva cəmiyyətimiz üçün nümunəvi vətəndaşlar yetişdirilməsi, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinin Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən olmasından, 167 saylı məktəbdə, eləcə də Pərvanə müəllimənin sinfində xalqımızın azadlığı və suverenliyi uğrunda həlak olan vətən övladlarının xatirəsinin daim ehtiramla yad olunmasından söhbət açdı.
Tədbirə dəvət olunmuş qonaqlar içərisində filologiya üzrə fəlsəfə doktoru AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri Yaqut Bahadurqızı çıxış edərək Vətən müharibəsinin 39 kürdəmirli şəhidinə həsr etdiyi yenicə işıq üzü görmüş “Ölümü ömür seçənlər” kitabından, eyni zamanda bu sinifdə adı əbədiləşdirilən Şəhid Rafiq Heydərovun qısa, lakin şərəfli həyatından şagirdlərə söhbət açdı.
Sonra söz şəhidin doğmalarına verildi. Xalası Zülfiyyə Babaşova çıxışında Rafiqin uşaqlıq, tələbəlik illərindən, vətənpərvərliyindən, təhsil və idman nailiyyətlərindən bəhs edərək qeyd etdi ki, ölümə gülərək gedən igidlərimizindən biri də Rafiq Heydərovdur. O, şəhid olmaqla tək ailəsinin yox, bütün Azərbaycanın qəhrəmanına çevrildi. Qəhrəmanlıq zirvəsini fəth edən və özünü Vətən uğrunda döyüşlərə hazırlayan böyük vətənpərvər  kimi seçilməyi bacardı. Hər kəs onu yaxşı insan, savadlı tələbə, eyni zamanda, vətənpərvər gənc olaraq tanıyırdı.  Rafiq çox mehriban, tərbiyəli, sakit təbiətli idi. O, çox ailəcanlı, valideyin qədri bilən oğul, qohuma-əqrəbaya, dost-tanışa  yardım etməyi sevən, öz üzərində çalışan gənc idi. Ailənin tək oğul payı idi.
Rafiq Rahim oğlu Heydərov 1995-ci il iyul ayının 1-də Bakı şəhərində dünyaya göz açıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin məzunu olub. Universiteti bitirdikdən sonra Odlar Yurdu Universitetinin MBA proqramı üzrə magistraturasına qəbul olsa da, o, təhsilini saxlayaraq hərbi xidmətə yollanmışdır. Rafiq hərbi xidməti başa vurduqdan sonra magistratura üzrə təhsilini davam etmişdir. O, təhsilini başa vurduqdan sonra “ASK Ayaqqabı Fabriki” MMC-də işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən 29 sentyabrda səfərbərliyə çağırılan Rafiq 14 oktyabradək Füzuli-Cəbrayıl rayonları uğrunda gedən ağır döyüşlərdə xeyli düşmən qüvvəsini məhv edib və qəhrəmancasına şəhadətə yüksəlib. Rafiq həmçinin ələ keçirdikləri erməni hərbi hissəsində Azərbaycan bayrağını asmışdır.

Peşəkar Cüdoçu idi Rafiq. 2012-ci ildə keçirilən cüdo üzrə beynəlxalq turnirdə finala qədər yüksəlib, finalda erməni rəqibi ilə üzbəüz gəlmişdi. Bu qarşılaşmadan üzü ağ çıxmışdı. Erməni rəqibini böyük hesabla məğlub edərək “Qızıl medal” qazanmışdı. Rafiqin növbəti uğuru da yaddaqalan olur. O, ikinci dəfə daha böyük qələbəyə imza atanların sırasında durur. Xalqına zəfər sevinci bəxş edənlərdən olur. Qalib ordunun əsgəri kimi düşmən üzərində  qələbə çalır. Onun Vətən Müharibəsindəki böyük rolu tarixə yazılan, unudulmayan salnaməyə çevrilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən Rafiq döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”  “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib.Tədbirin sonunda 2 “C” sinfinin şagirləri vətənə, şəhidlərimizə, o cümlədən, Rafiqə həsr olunmuş şeirlərdən ibarət kompozisiyanı qonaqlara təqdim etdilər. Şagirdlər və qonaqlar sinifdə şəhid Rafiq Heydərova həsr olunmuş guşənin qarşısında şəkillər çəkdirdilər.