İQTİSADİYYAT

Azərbaycanın strateji valyuta ehtiyatları son beş ildə kəskin artıb

Son beş ildə (2016-2020-ci illər) Azərbaycanın strateji valyuta ehtiyatları 12,8 milyard ABŞ dolları və ya 34,5 faiz artıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üzrə hesabatında deyilir. Sənəddə bildirilir ki, 2016-cı ildə ölkənin strateji valyuta ehtiyatları 37,1 milyard dollar təşkil edirdisə, 2020-ci ildə onların həcmi 49,9 milyard dollaradək artıb. Qeyd edək ki, ölkənin strateji valyuta ehtiyatları Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları və Neft Fondunun aktivlərinin məcmusudur. Hesabata əsasən, 2016-2020-ci illər ərzində ARDNF-nin aktivləri 33,2 milyard dollardan 43,6 milyard dollaradək yüksəlib (10,4 milyard dollar və ya 31,3 faiz artıb). Hesabat dövründə Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin artımı da müşahidə olunur. Belə ki, 2016-2020-ci illər ərzində AMB-nin valyuta ehtiyatları 4 milyard dollardan 6,4 milyard dollaradək artıb (2,4 milyard dollar və ya 60 faiz artıb).