MARAQLI

İsveçdə pəncərələrə pərdə vurulmur?

Əgər Siz İsveçə səfər etsəniz və onun istənilən yaşayış mənqəsini ziyarət etsəniz, burada insanların, keçmiş Sovetlər  Birliyindən fərqli olaraq, demək olar ki, pəncərə pərdələrindən istifadə etmədiyi diqqətinizi çəkəcəkdir. Burada pəncərələrə nadir hallarda pərdə asılır. Bəziləri hətta iddia edir ki, bu ölkədə pərdələr, ümumiyyətlə, qadağan edilib. Həqiqətən, bu belədir?

İsveçdə pəncərələrə münasibət, həqiqətən, birmənalı deyil və bunun bir neçə səbəbi var. Bu gün ölkədə pəncərə pərdəsindən istifadəyə heç bir qadağa yoxdur. İnsanlar pəncərələrə pərdə də, jalüz də asa bilər, lakin bir çox yüzilliklər ərzində ölkədə tamam başqa ənənə formalaşıb, əksəriyyət ev sahibləri pəncərələrini belə üsulla örtməyə zərurət olmadığını düşünürlər. Pərdənin dəbdə olmamasının birinci səbəbi yerli iqlimdir. Qışda gün işığı cəmi 6 saat davam edir. Üstəlik, bir çox regionlarda hava tez-tez tutqun olur, bu səbəbdən də evlərdə işıqlanma məsələsi heç də yaxşı deyil. Məhz buna görə də yerli sakinlər uzun illərdən bəri otaqlara daha çox günəş işığı düşməsi üçün pərdələrdən istifadə etmir. İkinci səbəb yanğın təhlükəsizliyi ənənəsidir. Uzun illər İsveçdə ona görə pəncərələrə pərdə asmırdılar ki, pəncərə altına açıq odlu işıq mənbəyi olan şamlar və yağ lampaları qoyulurdu. Bu  praktika ən çox sahildə yaşayanlar və balıq vətəgələri ilə məşğul olanlarda geniş yayılmışdı. Pəncərələrə qoyulan çoxsaylı çıraqlar sanki balıq ovundan gec qayıdanlar üçün bir növ improvizə edilmiş “kollektiv” mayak yaratmağa imkan verirdi. Nəhayət, üçüncü səbəb şəhərlərdə XVII əsrdə pərdələrə qoyulan birbaşa qadağa ilə bağlıdır. O zamanlar ölkədə daxili siyasi həyat xüsusilə qaynar olub. Kral sülaləsi dövlət çevrilişindən əsaslı olaraq ehtiyat edirdi, ona görə də ölkədə mitinqlərin qadağan edilməsi haqqında qanunlar toplusu mövcud idi, o cümlədən, evlərdə pəncərələri pərdə ilə örtmək qadağan edilmişdi. Bu ona görə lazım idi ki, evin içərisində baş verənləri hətta küçədən də görmək mümkün olsun.

Bu yerdə yada düşür ki, yaxın keçmişədək ölkəmizin bölgələrində də pəncərəyə pərdə vurmaq o qədər dəbdə olmayıb. Əksinə, pərdədən evin içində gərdək – arakəsmə kimi istifadə edilib. Bir də böyük-kiçik, qadın-kişi arasında pərdə olub.

T.Rüstəmov