GÜNDƏM

Ermənilərin “muzdlu rus sözçüsü” yenidən Qarabağda peyda olub

Azərbaycanın axtarışa verdiyi bloger, “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenə Qarabağa gəlib. Ermənilərin “muzdlu rus sözçüsü” Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdə olub. O, Əsgəran qəsəbəsinin Ağdamla qonşu olan hissəsində qanunsuz xidmət aparan erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, onlarla şəkil çəkdirib. Peqov Azərbaycan ordusunun mövqelərinin də foto və video çəkilişlərini aparıb.
Xatırladaq ki, Semyon Peqov II Qarabağ Müharibəsində Azərbaycana qarşı aparılan qərəzli informasiya müharibəsinin əsas ruporlarından biri olub. Faktla bağlı 2020-ci ilin noyabrında  Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının Dövlət Sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

T.Rüstəmov