Müharibə qəhrəmanlarımız

Mayor Fərid Ələkbərovun şəhid olmasından bir il keçir

General Hulusi Akarın yetirməsinin Şuşa qəhrəmanlığı.
Qarabağ uğrunda Vətən müharibəsinin ilk günlərindən Azərbaycan ordusu cəbhənin sağ və sol cinahlarında– Murovdağ və Arazboyu istiqamətlərdə sürətli hücumla irəlilədikcə xalqımızda igid oğullarımızın tezliklə Şuşa və Xankəndinə çatacaqlarına heç bir şübhə qalmamışdı. Noyabrın 8-də günorta saatlarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşanın fəth edilməsi barədə xəbəri ölkəmizdə gözlənilməz olduğu qədər də möhtəşəm bir coşğu yaratdı.

     Ali Baş Komandanın Şuşanın azad edilməsini müjdələyən xəbəri ona görə gözlənilməz idi ki, hamı bu xəbəri artıq azad edilmiş Had­rut qəsəbəsi ilə Şuşa–Xankəndi arasındakı Xocavənd şəhərinin və Qırmızıbazar qəsəbəsinin ələ keçirilməsindən sonra gözləyirdi. Xəbər həm də ona görə əfsanəvi bir təntənə yaratdı ki, Şuşanın gözlənildiyindən tez azad edilməsinin özü bir əfsanə idi.

Şəhid Mayor Fərid Ələkbərov

Bu əfsanəni Şuşanı güclü hərbi texnika və xüsusi qüvvələrlə qoru­yan düşmənə əlbəyaxa döyüşdə adi silahlarla qalib gələn ən igid, qorxubilməz və qeyrətli oğullarımız yaratdılar. Onlardan biri də orta məktəb illərindən qardaş Türkiyədə çoxmərhələli hərbi təhsil almış, yüksək təlim keçmiş mayor Fərid Ələkbərov idi. O, artilleriya bölməsinin ko­mandiri olsa da, onun döyüşdə möv­qeyi, (hərbi qaydaya görə) ön xətdən ən azı 3 kilometr arxada nəzərdə tutulsa da gizli hazırlanmış əlbəyaxa Şuşa əməliyyatına könüllü və təkidlə qoşulmuşdu. Dağlıq şəraitdə yüksək peşəkarlıqla döyüşməyə qadir ordu bölmələrimizin qəfil zəhmli hücu­mu qarşısında düşmən qüvvələrinin çox davam gətirməyib Şuşanı tərk etməsi işğalçı ölkənin komandanlığı­nı dəhşətə gətirmiş və şəhəri nəyin bahasına olursa olsun, geri qaytar­maq əmri verilmişdi. Prezident İlham Əliyevin son dərəcə təsirli “Əziz Şuşa sən azadsan! Əziz Şuşa biz qayıt­dıq” xitabı ilə bütöv bir xalqın bir anda ayağa qalxıb küçə və mey­danlara axışdığı dəqiqələrdə məkrli düşmən Xankəndindən Şuşaya doğru güclü əks-hücum təşkil etməkdə idi. Şuşa fatehləri sıldırım qaya­lardan aşıb yaratdıqları güclü vahimə və qorxu şəraitində üzbəüz küçə döyüşləri ilə işğalçı qüvvələri şəhərdən qovub çıxarmağın sevincini axıradək yaşamamış, üzücü yorğun­luğu canlarından çıxarmamış saat 15 radələrində yeni döyüşə atılmalı oldular.  Xankəndi tərəfdən “yeddido­lama” deyilən yolla zirehli texnika ilə irəliləməkdə olan erməni qüvvələrinin qarşısına Azərbaycan döyüşçüləri yenə əl silahları ilə çıxmalı oldular. Şəhərə ilk daxil olmuş dəstələrin ön sırasında olmuş mayor Fərid Ələkbərovun taqımı dolama yollarla irəliləyərək düşməni gəldikləri kimi də geri oturtmaqda da öncülük göstərdi. Güclü atışmada ayağından yaralan­mış Fərid qanaxmanı rezin qaytan bağlamaqla dayandırandan sonra yenə döyüşə atıldı. Tabeliyindəki döyüşçülərin xahiş-yalvarışlarına baxmayaraq mayor arxaya çəkilmədi. Bildirdi ki, döyüş qabiliyyəti yerindədir və əsgərlərini güllə-mərmi yağışı altında qoyub bir addım da geri dura bilməz.

Şuşaya qalxan ziqzaq yollarda xeyli sürən döyüşdə düşmən bu dəfə də Xankəndinədək geri otur­tuldu. Texnika ilə yeni kömək alan düşmən son dəfə də irəliləməyə cəhd göstərəndə mayor Ələkbərovun döyüşçüləri aşağı səmtdə mühasirə təhlükəsi ilə üzləşdi. Bunu görən Fərid yaxındakı leytenant Mobil Əhmədzadəyə əmr edir ki, atəş altına düşmüş 15 nəfərlik dəstəni sağ tərəflə geri çəkib mühasirədən çıxarsın­. Özü isə, belə hallarda deyildiyi kimi, ölümün gözünə dik baxaraq sol tərəfdəki dikə çıxır ki, düşmənin diqqətini özünə cəlb etsin. Elə bu anlarda erməni tankından atılıb yaxınlıqda partlayan mərminin qəlpəsi Fəridi sinəsindən ölümcül yaralayır. Komandir həlak olma­sı ilə tabeliyindəki döyüşçüləri mühasirəyə düşüb məhv olmaqdan xilas edir. Bizə məlum müharibə epizodlarında belə hərəkətin adı yoldaşlarını qoru­maq naminə şüurlu surətdə ölümün qoynuna atılmaqdır, əsl qəhrəmanlıq göstərməkdir. 42 günlük döyüş marafo­nunun zəfər finişində illərdən bəri həsrətində olduğu Şuşa şəhərinin azad edilməsinin sevincini sonadək yaşamaq Fəridə qismət olmadı. Şəhərin azad edilməsinin yaratdığı ruh yüksəkliyi isə ona yeni güc, döyüş əzmi gətirdi. Bu da zabitin sonuncu hünərini ikiqat qüvətləndirməklə onu əsl qəhrəmanlıq səviyyəsinə yüksəltdi. Fərid Ələkbərov qeyri-adi bir qeyrətin zirvəsində ölümsüzlüyə yüksəldi. Heydər Əliyev adına Ali Hərbi məktəbinin artilleriya üzrə müəllimi, baş zabit Fərid Ələkbərovun hər anı qələbənin yaxınlaşmasına xidmət etmiş igidlikləri, əmrləri yüksək səviyyədə icra etməsi ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə ” və “Şuşanın azad olunmasına görə” medalları ilə dəyərləndirilmişdir. Bundan əvvəl o, “Hərbi xidmət uğurlarına görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medal­ları, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalları ilə təltif olun­muşdur.

Tale, sanki, Fəridi illər boyu hərb elminin sirlərinə yiyələnmək, yüksək iradə və fiziki möhkəmlik qazanmaq və vətən uğrunda döyüşmək, lazım gələndə isə canını da əsirgəməmək üçün yaratmışdı. Onun 40 illik şərəfli bioqrafiyası da bunu təsdiq edir.

Fərid Tahir oğlu Ələkbərov 18 iyul 1980-ci ildə Bakıda anadan olub. Orta məktəbdə oxuduğu  ilk illərdən başlayan Qarabağ münaqişəsinin faciələri onun həssas uşaq qəlbini daim ağrıdır. 20 Yanvar və Xocalı faciələrindən sonra isə hərbçi olub düşməndən intiqam almağa and içir. Bu andına sadiqlik olaraq tez-tez Şəhidlər xiyabanını ziyarət edir, getdikcə qərarını qətiləşdirir.
1996-cı ildə Türkiyənin İstanbul şəhərindəki Kuleli Hərbi Liseyində oxumaq imkanı yarananda bunu Tanrının onun andına açdığı qapı kimi qəbul edir. Orta hərbi təhsilini 2000-ci ildə başa vurub Türkiyənin indiki Müdafiə naziri general Hulusi Akarın o vaxt rəis olduğu Ankaradakı Quru Qoşunları məktəbinə daxil olur. 2004-cü ildə bu məktəbi bitirib hərbi təhsilini əvvəlcə İsparta şəhərindəki Dağ Komanda məktəbində, 2005-ci ildə isə Ankaranın Polatlı qəsəbəsindəki Topçu məktəbində davam etdirir.

Vətənə yüksək bilik-bacarıqlı zabit kimi qayıdan leytenant Fərid Ələkbərov bir neçə il hərbi hissələrin artilleriya bölmələrində nümunəvi xidmət keçir. Topladığı bilik və təcrübəni zabit hazırlığına sərf etməsi üçün o, 2014-cü ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində artilleriya bölməsi üzrə baş müəllim vəzifəsinə keçirilir. Burada mayor rütbəsinədək yüksəlir, 2018-ci ildən baş zabit vəzifəsinə təyin olunur. Çağdaş müharibələrin taleyini güllələrdən çox, mərmi və bom­balar həll etdiyindən ali artilleriya mütəxəssisi mayor Fərid Ələkbərov müharibə başlayan gecə döyüşən or­duya çağırılır. İlk günlərdə Gəncədəki hərbi hissələrdə könüllülərə mina­atanlardan təlim keçir, sonra Mu­rovdağ istiqamətində döyüşlərdə iştirak edir, uzaqdan düşmənə sərrast mərmi atəşləri açılmasını təşkil edir. Sonrakı günlərdə döyüş yolu Fü­zuli–Cəbrayıl–Hadrut istiqamətində davam edir, düşmənə sarsıdıcı artilleriya zərbələri vurulmasında bilavasitə peşəkar iştirakı ilə seçilir. Şuşa əməliyyatı hazırlananda isə Türkiyədə dağ döyüşləri üzrə xüsusi təlim keçməsinin nəzərə alınmasını xahiş edir və rəhbərlik etdiyi dəstə ilə keçilməz yollara çıxır, Şuşaya yön alır.

Bu yazını hazırlayarkən Fəridin dayısı, iqtisadçı alim Adil Hüseynovla, əkiz qardaşı Rüfətlə görüşdük. Hər ikisi Fəridin uzun illər müşahidə etdikləri sakit təbiətinin, az danış­mağının, rahatlıq və əyləncələrdən qaçmasının içərisində düşmənə qarşı sonsuz bir nifrətin, vətən yolunda döyüşmək təşnəliyinin gizləndiyini söylədi. Dedilər ki, biz onun belə olmağının səbəbini indi anlayırıq. O, illər boyu dinib-danışmadan düşməndən intiqam anını gözləyirmiş. Fərid həyatda ən böyük sözünü əməli ilə – göstərdiyi qəhrəmanlıqla – söylədi. Müsahiblərim haqlıdır. Doğ­rudan da, Fəridin 42 günlük döyüş yolunda sərgilədiyi hünər illər boyu sakit görünən bir insanın igidliyi barədə uzun və yüksəkdən səslənəsi söhbətlərin və yazıların mövzusudur.

Anası Şükufə Hüseynovanın oğlu barədə söylədiklərini isə sayı getdikcə çoxalmaqda olan telesüjet və anım mərasimlərinin videoyazılarından izlədik. Ana üçün nə qədər əzablı olsa da, oğlunun vətən yolunda göstərdiyi qəhrəmanlıq, xalqımızın dağlar qədər ağır in­tiqamının alınmasına göstərdiyi samballı xidmət onun yaralı qəlbinə böyük təsəlli gətirir. Oğlu barədə türkiyəli  kursant yoldaşlarından, tabeliyindəki döyüşçülərdən, komandirlərindən, Ali Hərbi Məktəbdəki iş yoldaşla­rından eşitdikləri ananın qəlbini dağa döndərir. Sanki, Şükufə ana qaradinməz oğlunu yenidən tanı­yır– sakit və sevimli oğulun yerində səs-sorağı ölkəni dolaşan qəhrəman bir vətən övladı doğulur.

Bu yazını şəhid mayor Fərid Ələkbərov barədə iki təsirli açıqla­ma ilə bitirmək istəyirik. Türkiyədəki kursant yoldaşı, polkovnik-leytenant Mikayıl Məmmədov xatirəsində bildirir:

“Quru Qoşunları məktəbini bitirəndə rəisimiz general Hulusi Akar azərbaycanlı kursantlarla görüşdə soruşdu ki, indi hədəfiniz nədir? Başqa vaxtlarda dinib-danışmayan Fərid bu dəfə yeganə danışan kursant oldu. O, çılğın bir səslə qısaca dedi: “Arzu­muz vətənə qayıdıb Qarabağımızı düşməndən geri almaqdır.” Ge­neral isə gülümsəyib bildirdi: “Mən də elə sizdən bu cavabı gözləyirdim.”
Bu yerdə adamın ağlına gəlir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akarın bu günlərdə Şuşada Zəfər təntənəsində iştirak yetirməsi mayor Fərid Ələkbərovun ruhunu yüksək dərəcədə şad edib. Şübhəsiz, keçmiş kursantın ruhu öz rəsinə bu sözləri deyib: “Cənab rəis, bir vaxt sizə ver­diyimiz vədə şərəflə əməl etdik.”   

Hulusi Akar Şuşada Zəfər Günü təntənəsində

Və nəhayət, son döyüşdə Fəridin tabeliyində vuruşan leyte­nant Mobil Əhmədzadə ötən bir ildə hər yerdə və həmişə Şuşa döyüşündən söz düşəndə yalnız koman­dirinin qəhrəmanlığından söz açır:

– Şuşada ermənilərin son dəfə Xankəndinə qovulması döyüşünün qəhrəmanı mənim komandirim mayor Fərid Ələkbərovdur.

O arxada mövqe tutmalı olsa da, yaralansa da sonadək öndə getdi və 15 nəfəri xilas etmək üçün özünü düşmənə hədəf etdi. Bu mənim Qarabağ müharibəsində öz gözlərimlə gördüyüm ən böyük qəhrəmanlıqdır.

 

Tahir AYDINOĞLU,

Əməkdar jurnalist