İQTİSADİYYAT

Neft Fondu son 18 ildə dövlət büdcəsinə 107 milyard dollaradək vəsait transfer edib

Son 18 il ərzində (2003-2020-ci illər) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transferlərinin həcmi 12,1 milyard (122 dəfə) artıb. Bu barədə ARDNF-nin 2020-ci il üzrə dərc etdiyi hesabata istinadən xəbər verilir. Hesabatda qeyd olunur ki, 2003-cü ildə Neft Fondunun dövlət büdcəsinə transferi 100 milyon manat təşkil edirdisə, 2020-ci ildə bu göstərici 12 200 milyon  manatadək yüksəlib. Ötən ilin ARDNF tərəfindən dövlət büdcəsinə edilən transfer hesabat dövrünün (2003-2020-ci illər) həcmcə ən yüksək göstəricisidir. “2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 681,7 milyon manat təşkil edib və bunun 12 200 milyon manatı və yaxud 49,4 faizi ARDNF tərəfindən transfer edilib. Transfer dövlət büdcəsi xərclərinin (26 416,3 milyon manat) 46,2 faizini təşkil edib” – deyə hesabatda bildirilir. Hesabata əsasən, 2003-2020-ci illərdə dövlət büdcəsinə ümumilikdə ARDNF tərəfindən 112,1 milyard manat və yaxud 106,9 milyard ABŞ dolları məbləğində vəsait köçürülüb. Bu dövr ərzində ARDNF-nin cəmi büdcə xərcləri 126 milyard manat olub və transferlər bu xərclərin 89 faiz təşkil edib.