KRİMİNAL

Paytaxtda evlərdən 103 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub

Sabunçu rayonunda 8 evdən 103 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə dörd nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Sabunçu Rayon Polis İdarəsi və 13-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elmin Cəfərov tutularaq istintaqa təqdim olunub. Araşdırma zamanı onun Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda səkkiz evdən oğurluq etdiyi müəyyənləşib. E.Cəfərov bu evlərdən ümumilikdə 103 min manatdan artıq pul və qızıl-zinət əşyaları oğurlayıb. Oğurluq yolu ilə əldə etdiyi maddi vəsait hesabına E.Cəfərov iki ədəd avtomobil və şəxsi istifadəsi üçün digər qiymətli əşyalar alıb. O, törətdiyi oğurluq hadisələrini etiraf edib.

Sabunçu rayonunda, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı da əməliyyatlar davam etdirilir. Rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Emin Manafov, Murad İsmayılov və Elşad Həsənov saxlanılıb. Bu şəxslər ümumilikdə 60 qrama yaxın heroin və metamfetamin aşkarlanıb.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması, onların mənbələrinin aşkarlanması və rayon ərazisində qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa olunması istiqamətində rayon polis idarəsinin əməkdaşları əməliyyat tədbirlərini davam etdirirlər.