DÜNYA

Pekində yenidən COVID qadağaları başlayıb

Çinin paytaxtı Pekində kütləvi tədbirlərdə iştirak edən 6 nəfərdə yeni növ koronavirusun (COVID-19) aşkarlanmasından sonra konfrans və digər tədbirlərlə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Bu barədə Pekin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin direktor müavini Panq Sinjuo məlumat yayıb. O qeyd edib ki, konfranslar və digər tədbirlər mümkün qədər videokonfrans vasitəsilə keçirilməli və üzbəüz tədbirlərdə insanların sayı minimuma endirilməlidir. Panq üzbəüz görüşlərdən sonra insanlara başqa tədbirlərə getməməyi və ictimai nəqliyyatdan istifadə etməməyi təklif edib. Oktyabrın ortalarından bəri Çində Delta ştammının təsiri ilə yoluxma hallarında artım müşahidə edilir. Pekində son 1 ayda 50 yoluxma qeydə alınıb. Xəstəliklərin sayının az olmasına baxmayaraq, Çin hökuməti fevral ayında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına görə “sıfır yoluxma” siyasətini tətbiq edərək kəskin tədbirlər görür. Paytaxtda artıq yüksək risk olduğu müəyyən edilən bəzi yaşayış məntəqələrində və müəssisələrdə karantin tətbiq edilir.

R.Tüstəmov