KRİMİNAL

Nərimanov rayonunda üzərində “Kalaşnikov” markalı avtomat silah gəzdirən şəxs saxlanılıb VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarəyə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüstəm Osmanovda silah-sursat olması barədə məlumat verilib.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı əlindəki bağlamadan “Kalaşnikov” markalı avtomat silah, 30 patron və həmin silaha aid patron darağı aşkarlanaraq götürülüb. Saxlanılan şəxs silah-sursatı bir neçə il əvvəl tapdığını, lakin polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Rüstəm Osmanov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.