SİYASƏT

Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, 24news.ge, interpress.ge, aktual.ge, informasiya portallarında Ali Ordenin dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edildiyi bildirilir.

Bildirilir ki, Prezident İlham Əliyevin bu Ali mükafata layiq görülməsi barədə qərar Türkdilli ölkələrin Dövlət Başçıları Şurasında qəbul olunub.

AZƏRTAC-a istinadla yayılan xəbərlərdə deyilir: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Prezident İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması haqqında qərar qəbul etmişdir”.

Bundan başqa, informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Zirvə Görüşündə səsləndirdikləri fikirləri də oxucuların diqqətinə çatdırıblar.