DÜNYA

Ukrayna Rusiya qazına alternativ tapıb

Qış mövsümündə qaz qıtlığı yaranacağı təqdirdə Kiyev onu Slovakiyadan ala bilər.

AZƏRTAC Rusiya informasiya agentliklərinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin müavini Maksim Nemçinov 1+1 telekanalının efirində deyib.

“Bu gün anbarlarımızda kifayət qədər təbii qaz var. Kəsir yaranacağı halda belə, bizim qaz idxal etmək imkanımız var”, – deyə Maksim Nemçinov bildirib. Onun sözlərinə görə, Ukrayna qonşu Slovakiyadan qaz ala bilər. Nazir müavini, həmçinin bildirib ki, “Naftoqaz” kompaniyasının vəsaiti və ehtiyat qazötürmə sisteminin gücü satınalmaları həyata keçirmək üçün kifayət qədərdir.

Maksim Nemçinovun proqnozlarına görə, qış mövsümünün sonunda Kiyevin almalı olacağı qazın qiyməti min kubmetr üçün təxminən 26 min qrivna (təxminən min dollar) təşkil edəcək.

Bir müddət əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal slovakiyalı həmkarı Eduard Heqerlə qaz tədarükünün artırılması imkanlarını müzakirə edib.