İQTİSADİYYAT

Dünyanın 30-dan çox ölkəsinin iş adamları tərəfindən Azərbaycanda işgüzar görüşlər keçiriləcək

Bunu Beynəlxalq Biznes Forumun (IBF) prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təsisçisi Erol Yarar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və MÜSİAD-ın birgə mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, türkdilli dövlətlərin prezidentlərinin görüşündə də önəmli tarixi əməkdaşlığa imza atılıb: “Bu görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev çox mühüm bir mövzuya toxundular. Dövlət başçıları ticarətin inkişaf etdirilməli olduğunu vurğuladılar. Biz də mindən çox iş adamı ilə bu qoyulan hədəfə çatmaq üçün hərəkətə keçdik. Bu çərçivədə Azərbaycan və Türkiyə xalqlarının iqtisadi inkişafı üçün çox önəmli bir addım atırıq” – deyə o bildirib.

E.Yarar həmçinin qeyd edib: “Dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirərək burada iş adamlarımız və KOBİA ilə əməkdaşlıqda çox mühüm görüşlər keçirəcəyik. Bir tərəfdən bura gələn dostlarımıza Asiyanın incisi Azərbaycanı tanıtmağa çalışacağıq, digər tərəfdən də forumdan əlavə təkbətək görüşlər keçirərək investisiya imkanlarını araşdıracağıq” – deyə o vurğulayıb.