İQTİSADİYYAT

Gələn il Azərbaycanda inflyasiya 4,3 faizə qədər yavaşlayacaq

“Fitch Ratings” reytinq agentliyi bu ilin sonuna Azərbaycanda illik inflyasiyanın 7,6 faiz səviyyəsində olacağını gözləyir. Agentliyin verdiyi məlumata görə, gələn ilin istehlakçı qiymətlərinin artım tempinin azalacağı və illik inflyasiyanın 2022-ci ilin sonuna 4,3 faiz qədər yavaşlayacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, 2021-ci ilin sonuna dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6 faiz səviyyəsində gözlənilən ortaillik inflyasiya 2022-ci ildə 4 faizədək yavaşlayacaq. Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə isə, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4 faiz, 2022-ci ildə isə 3,2 faiz artacaq. Son məlumatlara görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə istehlak qiymətləri illik müqayisədə 5,7 faizə, oktyabrda illik inflyasiya isə 10 faizə çatıb.