İDMAN

Kərim Benzema Fransa millisində bombardirlər siyahısında ilk beşlikdə yer alıb

“Real Madrid”in forvardı Kərim Benzema Fransa millisində 35-ci qolunu vurub.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı hücumçu bu nəticəyə “DÇ-2022”nin seçmə mərhələsi çərçivəsində Qazaxıstanla matçda (8:0) dubl etməklə nail olub. Bununla da o, millidə ən çox qol vuran bombardirlər siyahısında Davida Trezeqeni (34 qol) üstələyərək ilk beşlikdə yer alıb.

Futbolçu 35 qolla artıq əfsanəvi Mişel Platinidən cəmi 6 top geri qalır.

K.Benzema jurnalistlərə müsahibəsində D.Trezeqeni üstələdiyi üçün şad olduğunu bildirib: “Heç vaxt düşünməzdim ki, millinin bombardiri reytinqində D.Trezeqeni keçə biləcəyəm, amma bunu bacardığım üçün çox şadam. David Trezeqe ölkəmizin əfsanəsidir. Amma matçda ən önəmlisi Qazaxıstana qalib gəlməyimizdir”.

Qeyd edək ki, siyahıya Tyerri Anri (51 qol) başçılıq edir. Sonrakı pillələrdə Olivye Jiru (46 qol) və Antuan Qrizmann (42) qərarlaşıblar.