Müharibə qəhrəmanlarımız

44 günlük Vətən müharibəsində şəhid olan vətən oğullarından biri Xaqani Məmmədovun şəhadətindən bir il ötür.

Vətən müharibəsində igidliklə döyüşərək şəhid olan Məmmədov Xaqani Mürşid oğlu 15 may 2000-ci ildə Kürdəmir rayonunun Mürtülü kəndində anadan olub. O, 2006-cı ildən 2017-ci ilədək Mürtülü kənd tam orta məktəbində orta təhsil aldıqdan sonra, Şamaxı Regional Kollecinin “Mühasibat uçotu” fakültəsinə qəbul olmuşdur. İyul 2018-ci ildən, 31 dekabr  2019-cu ilədək Naxçıvanda həqiqi hərbi xidmət etmişdir. Xaqani hərbi xidmətdən qayıtdıqdan 9 ay sonra, 21 sentyabr 2020-ci ildə səfərbərliyə cəlb olunur. 27 sentyabrdan 6 noyabradək Vətən müharibəsində cəsarətlə döyüşən Xaqani Xocavənd istiqamətində şəhid olur. Xaqaninin nəşi 18 noyabrda ailəsinə təhvil verilir və doğma kəndində torpağa tapşırılır. Xaqani Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

                                                                                                                   ***
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər!
Sənə ağuşunu açmış da durub Peyğəmbər!
(H.Cavid)

Səninçün yerdə – kənd qəbiristanlığında – bir məqbər tikiblər, nə qapısı var, nə bacası. Gülə-çiçəyə bürünüb məzarlıqdakı bərli-bəzəkli məqbərin. Burda sənin yalnız cismin yatır anana, atana, doğmalarına təsəlli üçün. Ruhun isə ordadır – cənnətdə, müqəddəslərin, əbədiyaşarların sırasında…
Qardaşından soruşmuşdum:
— Arzuları nə idi Xaqaninin?
— Çox idi arzuları, hansını deyim? – demişdi.
— Ən kiçiyini de!
— Kollecdə tələbə yoldaşları kimi qara kostyum geymək istəyirdi. Pul yığırdı, sentyabrda dərs başlayanda özünə qara kostyum alacaqdı…
Hər dəfə xatırlayanda bu kəlmələri ürəyim parça-parça olur. Qismətində qara kostyum yox, ağ kəfən varmış, Xaqani, ancaq bu “ağ kostyumla” sən əbədi məzarlığa yox, əbədi ağ, işıqlı məkana – cənnətə getdin…

Esmira Məmmədova – Xaqaninin anası: İlk övladımız – qızımızdan sonra Xaqani – dünyaya gələndə sevincimizin həddi-hüdudu yox idi. Xaqani sakitliyi, məsumluğu ilə özünü hamıya sevdirə bilmişdi. Orta məktəbdə yaxşı oxuyurdu, xətti də gözəl idi. Müəllimləri xətrini çox istəyirdi. Məktəbin ictimai işlərində fəal iştirak edirdi. Xaqani məktəbi 4-5 qiymətlərlə qurtarandan sonra sənədlərini öz istəyi ilə Şamaxı Regional Kollecinə verdi. Birinci kursu oxudu. Bu bir il ərzində kollecdə özünə hörmət qazandı. İndi orda onun adına guşə yaradıblar, tez-tez xatirəsini anırlar. Haqqında video süjet hazırlayıblar. Xaqani kollecin əlaçı tələbələrindən olub tələbə təqaüdü alırdı. I kursu bitirəndə hərbi xidmətə çağırıldı. Tələbəliyi yarımçıq qaldı balamın.. Sürücülük kursunda oxuyurdu, o da yarımçıq qaldı. Maşın sürməyə çox həvəsi vardı oğlumun…
Xaqanini dost, yoldaş, böyük-kiçik arasında sevdirən bir xasiyyəti də onun dürüstlüyü idi. Sözü dik üzə deyərdi, yalan danışmaz, danışanları da sevməzdi. Xaqani hərbi xidmətdən qayıdanda təzə formasına adını yazdırmışdı. Gələn kimi məclis elədik. Məclisdə əsgər formasında hamı ilə oynadı. Hərbi formanı çox sevirdi. Qardaşı, qohum uşaqları formanı geyinmək üçün istədilər, vermədi. Qardaşı soruşdu ki. neyləyəcəksən saxlayıb? Dedi ki, lazım olar. Çoxlu şəkil çəkdirdi balam formada. 40 gündən çox döyüşdə olub, 5 gün də təlimdə. 1 dənə də olsa döyüş şəkli olmadı balamın. Səfərbərliyə gedəndə telefon götürmədi. Həftədə bir, ya iki dəfə danışırdı cəbhədən. Deyirdi ki, dağda şəbəkə tutmur. Yerini heç vaxt demirdi, ancaq bilirdik ki, dağdadır, çətin yerdədir. Zəng etdiyi nömrələrin heç biri açıq deyildi ki, Xaqanini soruşaq. Eşitdiyimizə görə yanındakı döyüş yoldaşları da şəhid olub. Bir sözlə, oğlum əli ilə əzizləyib əsgər formasını divardan asdı, şəkillərini də yanına düzdü, getdi. Şəhid olacağını bilirmiş kimi, özünə şəhid guşəsi bəzədi getdi, getdi balam…
Gec-gec zəng edirdi cəbhədən, nigarançılıqdan ürəyim partlayırdı. Gözüm televizorda, qulağım telefonda qalmışdı. Torpaqlar alındıqca sevinirdim. Şəhidləri görəndə boğulurdum, yuxum ərşə çəkilirdi. Görəsən, Xaqani hardadır? Acdımı, susuzdumu? Deyirlər oralar soyuqdu, balam üşüyürmü? Yarası, ağrısı varmı? Zəng edəndə sevindiyimdən qəhər məni boğurdu. Soruşacaqlarımı unudurdum. Xaqaninin hər zəngində birinci sualı bu olurdu:
— Məni soruşan olubmu? Məni kim xəbər alıb?
Deyirdik ki, hamı soruşur, hamı maraqlanır, hamı qələbə bayrağı ilə yolunu gözləyir, narahat olma!
Dağı, dərəni, mənzərəli yerləri gəzməyi çox sevirdi Xaqani. Hər yay ailəliklə gedirdik dağlara gəzməyə. Elə oxumaq üçün Şamaxını da ona görə seçmişdi. Pandemiya səbəbindən kollec də müvəqqəti bağlandı, oxumağa da, gəzməyə də gedə bilmirdi. Şamaxıda oxuyanda tez-tez bizə şəkil göndərirdi gəzməli-görməli yerlərdən. Yaxşı ki, səfərbərlikdən əvvəl 2 qardaş 1 dəfə getmişdilər gəzməyə. Şəkillərin birində dağın başında qolların açmışdı, altından “Bura Vətəndir!” yazmışdı balam. Dağlarda vətən naminə şəhid oldu balam.
Hərbi komissarlıqdan zəng gələndə atası işə gedirdi. Xaqaniyə tapşırdı ki,vacib işim var, gözlə, bir-iki saata qayıdıram, birlikdə gedərik. Xaqani razı olmadı:
— Sən narahat olma, işinlə məşğul ol! Özüm gedib, gələrəm.
Gözlədik gəlmədi. Yoldan zəng edib atasına. Deyib ki, mən təlimə gedirəm, narahat olma! Atası maşınla dalınca gedib, çata bilməyib. Xaqani özü tez minib avtobusa, sonrakı maşınla da gedə bilərdi. Gəlib evə bizimlə görüşə bilərdi.
— Gedirəmsə, birinci gedim – deyib balam.
Tovuş döyüşlərində bütün cavanlar kimi, çox əsəbləşmişdi Xaqani. General Polad Həşimovun ölümünə çox yanırdı: – Bircə müharibə başlasaydı, qırardıq bu murdarları – deyirdi. Sanki qisas üçün yüyürə-yüyürə getdi…
Xaqani futbol oynamağı çox sevirdi. Bizim məhəllədə futbol meydançası var, ora yığışıb oynayırdılar. O, hücumçu olub həmişə. Qapıdan ən çox qolu Xaqani keçirirdi. Əmisi oğlu ilə top üstündə mübahisə də ediblər son oyunda:
— Əsl qolluq top idi, yandırdın – deyibmiş…
O gedəndən uşaqlar daha məhəllədə futbol oynamırlar. Daha məhəlləmizdə, həyət-bacada gülüş səsi gəlmir…
Narıngini, portağalı çox sevirdi, yeməkdən doymazdı. Şirniyyatlardan isə şəkərburanı çox xoşlayırdı: “Şirniyyat və incəsənət!”- deyib yeyərdi. Daha heç nəyin gözəlliyi, dadı, marağı qalmayıb Xaqanidən sonra …
Balam yuxuma da gəlmir ki, söhbət edəm, ürəyimi deşən suallarımı verəm… Bircə dəfə görmüşəm yuxumda. Gördüm ki, Xaqani gəlib. Qışqırıram ki, sağsan? Sinəsini açıb yarasını göstərir. Ağlaya-ağlaya deyirəm ki, sən ölmüsən, qəbrinin üstünü də düzəltdirmişik. Deyir ki, yox, mən ölməmişəm, sizi görürəm (ağlayır)…
Şəhid olduğunu bilmirdik. Yuxuda gördüm ki, məclisə hazırlaşırıq. Bibiləri soğan doğrayır, qalan qohumlar kələm dolması bükürlər. Mən də deyirəm ki, niyə soğan soyursuz? Niyə dolma bükürsüz? Restorana pulu verib atası, hər şeyi özləri edəcək. Sonralar hərbi komissarlıqdan gələn sənəddə gördüm ki, şəhid olduğu gün noyabrın 6-na yazılıb. Noyabrın 18-də tapılsa da, vurulan gün mənə yuxumda əyan olmuşdu… Yaşlı qadınlar yuxumu belə yozdular: soğan acı xəbər, göz yaşı, kələm isə kəfən imiş (hönkürür)…

 

(44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa, lakin şərəfli həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından bir parça)

Yaqut Bahadurqızı
Filologiya üzrə fəlsəfə doktoru