Müharibə qəhrəmanlarımız

Əhmədov İlqar Xəqani oğlu

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Vətən oğullarından biri olan İlqar Əhmədovun şəhadətindən bir il ötür.

      Vətən müharibəsində 44 gün ərzində tarix yazan igidlərimizdən biri də şəhid Əhmədov İlqar Xəqani oğludur. İlqar 1999-cu ilin mart ayının 18-də Kürdəmir rayonunun İsmayıllı kəndində anadan olub. 2006-2017-ci illərdə Böyük Kəngərli kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ilin iyulunda hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Sumqayıt şəhərində şərəflə başa vuran İlqar 2020-ci ilin yanvar ayında doğma kəndinə qayıdaraq ailə təsərrüfatı ilə məşğul olaraq ailəyə dəstək olub. 2020 -ci il sentyabrın 21-də səfərbərliklə Ağcabədiyə təlimə gedən İlqar 27 sentyabrda Füzuli istiqamətində döyüşlərə qatılıb və Füzuli, Xocavənd, Şuşa uğrunda rəşadətlə döyüşüb. İlqar Əhmədov nöyabrın 9-da Xocavənddə, ağır döyüş zamanı qarın nahiyəsindən aldığı qəlpə yarasından şəhid olub. Onun nəşi 11 gün sonra – 20 noyabrda ailəsinə təhvil verilir və həmin gün də kənd qəbiristanlığında dəfn olunur. Qəhrəman şəhidimiz İlqar Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Böyüdüyü ev müqəddəs ocağa, məzarı pirə döndü, Şəhidimizin…

 

* **

 

Validə Əhmədovaİlqarın anası:   İlqar balacalığından fərqli uşaq idi. İkinci oğlumuz 3 yaşında suda boğulub ölmüşdü. Bu uşaq doğulanda onun adını qoyduq – İlqar. Kədərimizi bu uşaqla ovutduq. Çox şirin, xırda, cılız uşaq idi. Ona görə də, hamımız onu “Cıqqı” deyə çağırırdıq. Körpəliyindən rahat, əziyyətsiz, sakit uşaq oldu. Bizi nə əziyyətə salmışdı, nə də ki, xərcə. Çox mehriban, ailəcanlı, ata-ana qədri bilən uşaq idi. Böyük qardaşı ilə aralarında xeyli yaş fərqi vardı. Heç vaxt dalaşmaz, mehriban dolanardılar. Atası  onun xatirinə dəymir, əzizləyirdi. Ona görə də, bir az şıltaqlığı, ərköyünlüyü vardı. Böyük qardaşı buna görə bizdən inciyirdi də. Birinci sinfə gedəndə çox balaca olduğuna görə  məktəbdən qaytarmaq istədilər, ağlayıb özün döydü ki, məktəbə gedəcəyəm. Elə ibtidai sinifdə oxuyanda birdən-birə boy atdı.

Məktəbdə idmana, hərbi oyunlara çox meyilli idi İlqar. Müxtəlif yarışlarda Fəxri fərman almışdı. Həyətdə də bekar olan kimi idman edirdi. Fiziki hazırlığına görə hərbi xidmətdən də tərifnamə ilə qayıtmışdı. Fiziki işlə çox məşğul olduğu üçün çox güclü, qüvvətli idi. Heç nə yayın istisində, nə də qışın soyuğunda onu dinc oturan, dincələn görmədim. Maşın-maşın  ot tayaları qalayar, qazancını da gətirib evə verərdi. Mal-qaramızın, əkin-biçinimizin, bostan-tərəvəzimizin bərəkəti idi İlqar…

Hələ balaca uşaq olarkən  8 martda qəpik-qəpik pul yığıb, kəndin alverçisindən mənə hədiyyə seçib alırdı. Böyüyəndən sonra da qazancından həmişə mənə hədiyyələr alıb. Diqqətli övlad idi.Evdən pul verirdim ki, get özünə əyin-baş al. Bir də görürdüm ki, evə qab şampunu, yuyucu toz alıb gətirib. Harda iş olsaydı, özün ora atardı, dincəlməzdi. Qayıdanda da görərdim ki, bir kisə un, qənd, çay alıb. İşlətdiyimiz elektrik enerjisinin, qazın pulun ödəyib. Qalan pulu da evə qoyardı ki, filan yerə borcumuz var, borcu qaytaraq. O qədər sakit, o qədər ağıllı, bacarıqlı, ifallı uşaq olub ki, heç onu cəzarlandırdığım, danladığım yadıma gəlmir. Yeganə danlamağıma səbəb çox işləmək, dincəlməmək üstündə olub…

İlqarı kənddə hamı yaxşı ovçu kimi tanıyırdı. Atası yaşda kişilər ova gedəndə onu çağırırdılar. Gözü iti, cəld idi. Tüfəngi çox sərrast atırdı. Bir gündə beş-altı bəzgək, turac vururdu. 14 yaşı vardı, atasının ov tüfəngini əlinə alanda. Xərclik pulunu çox vaxt qırmaya, barıta verirdi. Ovundan bir-ikisini evə verir, qohum-əqrəbaya pay-püşk edir, qalanını da satırdı. Cavanlar arasında İlqar kimi at çapan yox idi. Bir dəfə uşaq vaxtı atdan yıxılmışdı. Bir az əzilibmiş, ancaq bizdən gizlədib ki, birdən at sürməyə qoymarıq…

Böyük qardaşı Bakıda işləyirdi. İlqar kənddə bizə dayaq idi. Əsgərlikdən sonra o da şəhərə işləməyə getdi.

Ağır təbiətli idi İlqar. Toyda, məclisdə özün ağır, qabiliyyətli aparırdı. Sevdiyi qız vardı məktəb vaxtından. Döyüşdə də deyirmiş ki, atamgili qayıdandan sonra elçi göndərəcəyəm. Görəsən verərlər? Çox arzuları vardı balamın. Özünə ayrıca ev tikmək, maşın almaq (kövrəlir)…

Səfərbərlik zamanı İlqar Bakıda işləyirdi. Sentyabrın 20-də atası İlqara zəng edib dedi ki, hərbi komissarlıqdan sənə çağırış gəlib. Sabah evə gələrsən, bir yerdə gedərik komissarlığa. Bakıdan gələndə yolüstü dönüb komissarlığa. İstəyib öyrənsin ki, nə  məsələdi, nə üçün çağırıblar. Elə oradaca orduya səfərbərlik olduğunu  öyrənib,çağırış sənədini imzalayıb, maşına oturdub. Evə gələ bilmədi. Bir ay idi görmürdüm İlqarı. Sevinə-sevinə süfrə açmışdım balama. Süfrəm ortalıqda qaldı (ağlayır)…

Ağcabədidə  təlimdə idi. Zəng edəndə deyirdi ki, narahat olmayın, beş-altı  gün təlim olacaq, sonra evə buraxacaqlar… Sentyabrın 26-da gecə qaynımgilə zəng edib deyib ki, anama-atama deməyin, müharibə başlayır, bizi irəli  aparırlar. Sentyabrın  27-də səhər həyət-bacanı təmizləyib eyvana çıxdım. Televizoru işə saldım. İlk qulağıma dəyən xəbər məni sarsıtdı, müharibə başlamışdı. Ağlım başımdan çıxdı. Yoldaşım halbahal olduğumu görüb təskinlik verdi ki, qorxma, İlqargil hələ Ağcabədidə təlim keçir. Sən demə bütün kənd bilirmiş ki, İlqar döyüşdədir (kovrəlir)…

Hərdən yuxuma girir balam, ancaq uşaqlıq çağları. Bircə dəfə son zamankı surətini gördüm yuxumda. Mənə deyirdi ki, bilirəm çoxlu sualın var. Məndən heç nə soruşma! Durub səssizcə gedəndə qolundan tuturam ki, getmə, bala! Yoxa çıxır (ağlayır)…

 

(44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa, lakin şərəfli

həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından bir parça.)

 

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru