GÜNDƏM

BİZ QAYITDIQ, AĞDAM

Azərbaycan tarixində qanla yazılmış günlərdən biri, 23 iyul 1993-cü il. O gün qədim türk dilində mənası “kiçik qala” anlamı verən Ağdam rayonun süqutu və mənfur düşmən tapdağı altına düşdüyü ağrılı, acılı və bütün Azərbaycan millətinin ürəyinə dağ, ruhuna ağırlıq gətirən bir günlərdən biri idi.O gün Azərbaycanın gözəl, səfalı və qədim tarixi olan bir parçasının ondan qoparıldığı bir gün idi. O gün Azərbaycanın ən zəif, ən gücsüz günlərindən biri idi.

Lakin zaman keçdi və Azərbaycan bu zaman kəsiyində gücləndi, nəinki regionda hətta bütün dünyada söz sahibi olan bir dövlətə çevrildi. Tarix bu millətə, bu dövlətə ikinci və hətta üçüncü şansı tanıdı. Öncə bütün bu ağırlıqlara güc gələrək ölkəni dağılmaqdan xilas edən, onu yenidən quran və inkişaf etdirən ulu öndər Heydər Əliyev kimi dahi, uzaqgörən, möhkəm iradəyə sahib bir lider bəxş etdi. Və budur zaman Azərbaycana, yəni bizə üçüncü şans verdi. O, bu dövlətə tarix yazan bir sərkərdə, xalqının millətinin tarixindən acılı və mən deyərdim ki, hardasa utancverici səhifələri qoparıb atdı, yerinə zəfər dolu günlər həkk etdi. O Azərbaycanın ən yeni tarixini yazdı. Azərbaycanın nə qədər güclü bir liderə sahib olduğunu öz ağlı və strategiyası ilə hər kəsə sübut etdi. Bütün dünya dəmir yumruğun qüdrətini gördü. Azərbaycan öz torpaqlarını, ondan qopan parçaları yenidən birləşdirdi. İlham Əliyev həm döyüş meydanında, həm də masada düşməni əsl sərkərdə və strateq  məharəti göstərərək tam məğlub etdi.

Nəhayət düşmən tam təslim olaraq, 10 noyabr 2020-ci ildə Rusiyanın da iştirakı ilə bəyanat imzalamaq məcburiyyətində qaldı. Bu Azərbaycana bəzi ərazilərini itki vermədən, masada geri qaytarmaq imkanı qazandı. Azərbaycanın “kiçik qalas”ı olan  Ağdam şəhəri də elə məhz bu bəyanat nəticəsində öz əsl sahibinə qovuşdu. İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından azad edilməsi sevincini öz xalqı ilə bölüşdü. Bu xəbər bütün Ağdamlıların qəlbini ram etdi,  öz dədə baba torpaqlarına qayıtmaq həsrəti ilə alışıb yanan ürəklərə sərin bir səhər mehi kimi yayıldı. Bu xəbəri eşidən ağdamlılar sevincindən kimisi güldü, şənləndi, kimi də  gözlərində sevinc yaşlarını saxlaya bilmədi.  Ağdamlılar öz liderlin onları işıqlı bir gələcəyə apara biləcək bir gücə və qüdrətə sahib olduğunudan əmin oldular, ona bir daha sədaqət andı içdilər.

Və mən də bu günün sevincini yaşayan bir ağdamlı kimi,  üzümü cənab prezident İlham Əliyevə tutaraq dərin ehtiram hissi ilə bildirmək istəyirəm: “Cənab prezident ,bizə bu xoş günləri, Zəfər tarixini yaşatdığınız və Azərbaycan tarixinə bu şanlı səhifələri həkk etdiyiniz üçün sizə şəxsən öz adımnan və bütün ağdamlılar adından dərin minnətdarlığımı bildirirəm. Sizə əbədi olaraq sədaqət andı içirəm. Biz sizinlə fəxr edirik.Qarabağ bizimdir,Qarabağ Azərbaycandır.Yaşasın Ali Baş Komandan.”

Yaşar Əzimov