SİYASƏT

ABŞ kəşfiyyatının Ukrayna ilə bağlı xəbərdarlığı

ABŞ-ın kəşfiyyat agentlikləri NATO müttəfiqlərinə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat həyata keçirəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu barədə “New York Times” nəşri öz mənbələrinə istinadən yazıb.

    Qəzet qeyd edib ki, Kreml Rusiya-Ukrayna sərhədi yaxınlığında cəmləşmiş qoşunlardan istifadəyə dair qərarı hələ qəbul etməyib, lakin onların sayı və tərkibi Rusiya rəhbərliyinin niyyətləri ilə bağlı ciddi narahatlıq doğurur. Cümə günü ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı ilə telefonla danışıb. Məlumata görə, onlar Rusiya ordusunun həmin rayonda fəaliyyətini müzakirə ediblər. Qəzet yazır ki, Amerika və Britaniya kəşfiyyat xidmətləri Vladimir Putinin ya Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək, sabitliyi pozmaq, ya da hakimiyyətə Rusiyayönlü hökumətin gəlməyini təmin edəcək hərbi əməliyyat keçirmək variantını nəzərdən keçirdiyinə əmindirlər.

Onların fikrincə, Putin Minsk sülh prosesinin səmərəsizliyindən əsəbiləşib. Avropanın Rusiyanın təbii qaz tədarükünə daha çox güvənməsi ona ümid verə bilər ki, avropalılar Rusiyanın Ukraynaya qarşı potensial hərbi əməliyyatına cavab olaraq kəskin tədbirlər görməkdən çəkinəcəklər. Qəzetin yazdığına görə, ABŞ rəsmiləri Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına cavab vermək üçün avropalı müttəfiqlərlə birgə fəaliyyət planı təklif edir.

 

T.Rüstəmov