SİYASƏT

İrəvanın Rusiyaya ikili münasibəti dərinləşir

    Ermənistanda nəşr olunan “Past” qəzeti yazır ki, Azərbaycanla sərhəddə, Laçın və Kəlbəcərdə noyabrın 16-da baş vermiş döyüşlərdən sonra Yerevanda, hakim dairələrdə görülməmiş miqyasda antirusiya isteriyası başlayıb. Baş nazir Nikol Paşinyanın tərəfdaşları Rusiyanı açıq-aşkar “erməniləri satmaqda” günahlandırır və hətta KTMT-dən, Avrasiya  İttifaqından çıxmaq haqda çağırışlar səsləndirirlər.

“Bizim informasiyamıza görə Rusiya bu prosesləri diqqətlə izləyir və Yerevandakı bu isteriyanın koordinatoru kimi parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryanı görür. Mənbələr bildirir ki, Paşinyan Rusiyaya sədaqətini sübut edə bilmək üçün Köçəryanı nəinki komissiya sədri vəzifəsindən eləcə də ümumiyyətlə siyasi proseslərdən təcrid etməyə hazırlaşır” – qəzet belə yazır.

Bildirilir ki, Paşinyanın komandasında Rusiyaya münasibət məsələsində iki qruplaşma yaranıb. Onlardan birincisi – qərbyönümlülər tələb edirlər ki, Ermənistan KTMT və Avrasiya İttifaqından çıxsın. Paşinyana daha sadiq olan digər qrup isə bu prosesləri bloklayır, Rusiya ilə münasibətlərin möhkəmləndirilməsinə çalışır.

 

T.Rüstəmov