GÜNDƏM

MÜASİR AZƏRBAYCAN ƏDLİYYƏSİ: tarixi, inkişafı və beynəlxalq fəaliyyəti

Tarixi həqiqətdir ki, Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir, Azərbaycan xalqı zəngin və çoxşaxəli mədəniyyət nümunələri yaratmaqla yanaşı, qədim dövlətçilik tarixi və ənənələrinə malikdir. Azərbaycan dövlətçilik tarixinə nəzər salsaq görərik ki, ədliyyə sistemini təşkil edən məhkəmələr hələ azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya, Atropatena və Albaniyada fəaliyyət göstərmişdir. Qədim dövrdə Azərbaycan ədliyyə hüququ barədə normalar “Avesta”, “Matikan hazar – Dadistan”, “Tənsar məktubu”, “Aquen” kanonları, “Böyük Yasa” və s. kimi hüquqi mənbələrdə sadə formada ifadə olunmuşdur. Sonradan orta əsrlər dövründə hüquq sistemində əsaslı dəyişikliklər ədliyyə və hüquqi təsisatlarının yaradılması ilə xalqımızın dövlətçilik tarixində yeni bir mərhələ kimi xarakterizə olunur. Yaxın və Orta Şərqin həyatında nəzərəçarpacaq rol oynamış və 700 ilə yaxın mövcud olmuş Azərbaycan Şirvanşahlar dövlətində hüquq sistemi müsəlman hüququ (Fiqh) əsasında formalaşsa da, burada Azərbaycan dövlətçiliyinin varislik təsiri dərin əks olunmuşdur. XIV əsrin əvvəllərində məhkəmə haqqında, Qazı rütbəsinin verilməsi haqqında, Qazı vəzifəsinə təyin edilməsi qaydası haqqında, dələduzluğun və əsassız iddiaların qarşısının alınması, habelə girovsuz borc alanlar, digər borcluların əhdi pozma hallarının aradan qaldırılması haqqında fərmanlar məhkəmə-hüquq sahəsində fəaliyyətin tənzimlənməsində mühüm rol oynamışdır. XV əsrdə Qaraqoyunlular və Ağqoyunlular kimi Azərbaycan dövlətlərinin hökmranlığı dövründə ölkədə dövlət idarəetməsi, qanunvericilik və ədalət mühakiməsi sistemi xeyli təkmilləşmiş, XVI əsrdən etibarən iki yüz ildən artıq dövrdə mövcud olmuş Səfəvilər dövründə dövlət idarəçiliyi mədəniyyəti xeyli yüksəlmiş, həmin dövrdə Azərbaycanda dünyəvi, şəriət və əsnaf məhkəmələri fəaliyyət göstərmişdir. Müstəqil xanlıqlar dövründə isə Azərbaycanın ayrı-ayrı iri inzibati mərkəzləri ətrafında məhkəmə sistemi, Azərbaycanın bütün xanlıqlarında varislik ənənələrinə əsaslanmaqla, bir-birinə oxşar olmaqla, əvvəlki kimi müsəlman hüququ olan Fiqhlə və Azərbaycanın ənənəvi hüquq-mühakimə sisteminin müəyyən etdiyi qaydalarla tənzimlənirdi.

XIX əsrin əvvəllərində Rusiya imperiyası dövründə şimali Azərbaycan ərazisində ədliyyə sahəsində böyük dəyişikliklər baş vermiş, bütün orta əsrlər boyu Azərbaycanda fəaliyyətdə olan şəriət məhkəmələrinin yurisdiksiyası xeyli daralmaqla bərabər, əyalət, dairə və distansiyalarda tədricən yeni məhkəmə orqanları, böyük notarius və onun tabeçiliyində olan özəl notarius kontorları yaradılmışdır. Ədliyyə sisteminin mühüm istiqamətlərindən olan penitensiar fəaliyyətin yenidən təşkili məqsədilə Daxili İşlər Nazirliyinin tabeliyində olan Baş Həbsxanalar İdarəsi Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətində Ədliyyə Nazirliyi kimi yeni təsisatın yaradılması ədliyyə sisteminin inkişafına əsaslı zəmin yaratdı. Bakı dairə məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edildi, Azərbaycan Məhkəmə Palatası və Ədliyyə Nazirliyi Əsasnaməsi təsdiq olundu. Xalq Cümhuriyyəti zamanı həbsxana xidməti, prokurorluq funksiyaları, müxtəlif məhkəmələr nəzdində fəaliyyət göstərən vəkillərin siyahılarının tərtib edilməsi, mühüm ictimai, dövlət əhəmiyyəti kəsb edən məhkəmə fəaliyyətinə dair müxtəlif qanun layihələrinin hazırlanması Ədliyyə Nazirliyinə həvalə olundu.

Sovet hakimiyyəti dövründə Azərbaycan ədliyyəsi sabit və dinamik inkişaf keçməmişdir. 1920-1925-ci illər ərzində Ədliyyə Nazirliyinin adı dəyişdirilərək Xalq Ədliyyə Komissarlığı adlandırılmışdır. Xalq Ədliyyə Komissarlığının (XƏK) funksiyası, vəzifə və strukturu “Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığı haqqında” əsasnamə ilə müəyyən olunurdu və bu sənədə görə qanunvericilik layihələrinin və digər normativ aktların hazırlanması, hüquqi məsələlərlə bağlı rəy verilməsi, qanunvericilik aktları toplularının tərtib olunması, məhkəmə təsisatlarının təşkili, onların fəaliyyətinə, habelə qanunçuluğa nəzarətin həyata keçirilməsi, istintaqın aparılması, dövlət ittihamının müdafiə olunması səlahiyyətləri Ədliyyə Komissarlığına aid edilirdi. Komissarlıqda kollegiya, məhkəmə-inzibati, prokurorluq, qanunvericilik, islah-əmək, maliyyə-təsərrüfat şöbələri fəaliyyət göstərirdi. Yuxarı məhkəmə orqanı kimi işlərə həm kassasiya, həm də nəzarət qaydasında baxmaq səlahiyyətinə malik Azərbaycan SSR-də Ali İnqilabi Tribunal yaradılmış, inqilabi tribunallar, Xalq Hakimləri Şurası, Ədliyyə Komissarlığı yanında Ali Məhkəmə Nəzarəti şöbəsi ləğv edilərək Azərbaycan SSR Yuxarı Məhkəməsi, Bakı, Gəncə dairə (mahal) məhkəmələri və xalq məhkəmələri yaradılmış, Yuxarı Məhkəmə Ali Məhkəməyə çevrilmişdir.

1927-ci və 1929-cu illərdə qəbul olunmuş yeni əsasnamələrlə XƏK-in səlahiyyətləri genişləndirilmiş, ona Azərbaycan SSR ərazisində vahid məhkəmə siyasətinin aparılması, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai və xüsusi təşkilatların və fərdi şəxslərin fəaliyyətinin qanuniliyinə nəzarət, notariat, təhqiqat orqanlarının, milisin, sanitar müfəttişliyinin fəaliyyətinə rəhbərlik, habelə qüvvədə olan qanunların şərhi ilə bağlı vəzifələr həvalə olunmuş, eyni zamanda komissarlığın strukturunda dəyişikliklər edilərək məhkəmə-inzibati, qanunverici-hüquq və işlər şöbəsi əsasında məhkəmə idarəetmə şöbəsi, həmçinin notariat şöbəsi yaradılmışdı.

1930-cu ildə sovet aparatının sadələşdirilməsi və saxlanması xərclərinin azaldılması məqsədilə XƏK ləğv edilsə də, 1933-cü ildə o, yenidən təşkil olunmuş və onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkilliyə rəhbərlik etmək funksiyaları daxil edilmişdir. XƏK həm də respublika prokurorunun, onun müavini isə Ali Məhkəmə sədrinin səlahiyyətlərinə malik idi. XƏK haqqında qəbul edilmiş 1937-ci il tarixli yeni əsasnamə ilə onun səlahiyyətləri yenidən məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik edilməsindən, qanunvericiliyin sistemləşdirilməsi, məhkəmə statistikasının təhlili və hüquq ədəbiyyatının nəşrini təşkil etməkdən ibarət olmuşdur. Həmçinin ədliyyə fəaliyyətinin mühüm istiqamətlərindən olan məhkəmə ekspertizası işinin aparılması məqsədilə XƏK nəzdində Kriminalistika Kabineti və xüsusi laboratoriya yaradılmışdır. SSRİ Ədliyyə Nazirliyinin ləğv edilməsi ilə 1959-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi də öz fəaliyyətini davam etdirə bilməmiş, onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

1969-cu il xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəmizin inkişafının milli özünüdərkə, milli özünəqayıdışa dönüş mərhələsinin başlanğıcı olmuşdur. Məhz Azərbaycanda Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı da Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi həmin dövrdən başlamışdır. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27.10.1970-ci il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi yenidən təsis olunmuş, onun 26.07.1972-ci il tarixdə təsdiq olunmuş əsasnaməsi ilə Ədliyyə Nazirliyinin səlahiyyətləri kimi Naxçıvan MSSR Ali Məhkəməsinə, Dağlıq Qarabağ vilayət məhkəməsinə, Bakı və respublikanın digər rayon (şəhər) xalq məhkəmələrinə təşkilati rəhbərlik etmək, qanunların sistemləşdirilməsi sahəsində iş aparmaq, qanunların məcəllələşdirilməsinə dair təkliflər hazırlamaq, xalq təsərrüfatında hüquqi işə, hüquqi biliklərin təbliği və qanunların əhali arasında izahı sahəsində dövlət orqanlarının və ictimai təşkilatların işinə metodiki köməklik göstərmək və bu işi əlaqələndirmək, respublikanın notarius, məhkəmə ekspert idarələrinə, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına və vəkillik fəaliyyətinə ümumi rəhbərlik etmək müəyyən olunmuş, hakimlərin və xalq iclasçılarının seçkilərinin keçirilməsi ilə bağlı təkliflərin hazırlanması, məhkəmə orqanlarının fəaliyyətinin yoxlanılması, məhkəmə statistikasının aparılması ona həvalə olunmuşdu. Bundan başqa, Ədliyyə Nazirliyi xalq məhkəmələrinin seçicilər qarşısında hesabatlarının müntəzəm keçirilməsinə, bu hesabatlarda cinayətkarlığın vəziyyətinin təhlil olunmasına, ictimai nəzarətin təmin edilməsinə xüsusi diqqət yetirməli idi. Dövlət notariusları vəzifələrinə təyinat və vəzifədən azad olunma Azərbaycan SSR Ədliyyə Nazirliyinə tapşırılmışdı. Həmçinin yeni qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyi məhkəmələrin təşkili, hakimlər və xalq iclasçıları seçkilərinin keçirilməsi məsələlərinə dair təkliflər hazırlayır, məhkəmələrin işlərini yoxlayır, məhkəmə təcrübəsini öyrənərək ümumiləşdirir, yeni məhkəmələrin yaradılmasına dair təkliflər verir, hakimlərin və xalq iclasçılarının sayını və məhkəmələrin strukturunu müəyyənləşdirirdi.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Azərbaycan Ədliyyəsi həmişə dahi liderin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ümummilli Liderin bilavasitə səyi nəticəsində hüquqi dövlət quruculuğu işinə fəal qatılan Ədliyyə Nazirliyinin fəaliyyəti tamamilə yenidən qurulmuş, onun səlahiyyətləri xeyli genişləndirilmişdir. Bu dövrlərdə cəzaların icrası sisteminin təkmilləşdirilməsi və islah-tərbiyə işinin humanistləşdirilməsi məqsədilə Azərbaycanda əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan penitensiar müəssisə və müvafiq hərbi qurumlar tamamilə Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, Ədliyyə Nazirliyinin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi, habelə mülki işlər üzrə məhkəmə qərarlarının icrası da bu quruma həvalə edilməklə ədliyyə polisi yaradılmış, dövlət orqanlarının hazırladığı normativ xarakterli bütün layihələrə hüquqi rəyin verilməsi və ekspertizası, qəbul edilən normativ-hüquqi aktların dövlət qeydiyyatına alınması Ədliyyə Nazirliyinin səlahiyyətinə aid edilmiş, kommersiya hüquqi şəxslərinin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və həmkarlar ittifaqlarının dövlət qeydiyyatının aparılması, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər, o cümlədən, məhkəməyə hörmətsizlik etmə və məhkəmə qərarlarını icra etməmə cinayətləri üzrə işlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.

Ulu Öndərin müvafiq fərman və sərəncamları ilə idarəçiliyin təkmilləşdirilməsi məqsədilə qeydiyyat orqanları Ədliyyə Nazirliyinin strukturuna daxil edilmiş, bütün qeyri-tibb məhkəmə ekspertizalarının aparılması ona həvalə edilmiş, Hüquq Tədris Mərkəzi (sonradan Ədliyyə Akademiyası adlandırılmış) yaradılmış, Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi 22 noyabr günü ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunmuşdur. Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanması və onların icrasının təmin olunması, müxtəlif sahələrdə hüquqi yardımın göstərilməsi, o cümlədən, cinayət törətmiş şəxslərin təslim edilməsi, məhkumların verilməsi və digər məsələlərin həlli Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. BMT, Avropa Şurası və MDB çərçivəsində qəbul olunmuş, ölkəmizin qoşulduğu bir çox konvensiyaların icrası üzrə Nazirlik mərkəzi əlaqələndirici orqan kimi müəyyən olunmuşdur, hüquqi yardımın müxtəlif sahələri üzrə Türkiyə, Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Qazaxıstan, İran, Litva və s. ölkələrlə dövlətlərarası müqavilələr bağlanmış, Türkiyə, Rusiya, Niderland, Avstriya, Litva, Belarus və s. dövlətlərin Ədliyyə Nazirlikləri ilə müxtəlif sahələr üzrə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.

15.10.2003-cü ildə prezident seçkiləri ümummilli liderin siyasi kursunun növbəti təntənəsi ilə başa çatdı, Azərbaycan xalqı böyük həmrəyliklə cənab İlham Əliyevi özünə rəhbər seçməklə mühüm uğur və nailiyyətlərin möhkəm təməlini qoydu. Ümummilli liderin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də ədliyyə sahəsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Dövlət başçısının “Ədliyyə orqanlarının inkişafı haqqında” 17.08.2006-cı il tarixli fərmanı mühüm əhəmiyyət kəsb etməklə ədliyyənin gələcək fəaliyyəti üçün “yol xəritəsi” rolu oynamışdır. Fərman hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və digər hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulmasına, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin qanunyaradıcı fəaliyyətinin təkmilləşdirilməsinə, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılmasına, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılmasına, yüksək peşəkar mütəxəssislərin hazırlanmasına və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafına əsaslı təkan vermiş, onun 18.11.2016-cı il tarixli fərmanı ilə Nazirliyin səlahiyyətləri xeyli genişləndirilmişdir.

2006-cı ildən normativ-hüquqi aktlara birbaşa çatımlılığın təmin olunması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən milli qanunvericiliyin elektron məlumat bazası (www.e-qanun.az), 2011-ci ildən Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı (www.huquqiaktlar.gov.az), yoxlamaların vahid məlumat reyestri (www.yoxlama.gov.az) yaradılmış, “Elektron icra” sisteminin tətbiqinə başlanılmışdır. Hazırda isə nazirlik tərəfindən 40-dan çox qurumun istifadə etdiyi 14 informasiya resursu aparılır, fiziki və hüquqi şəxslərə 31 növ elektron xidmət göstərilir. Həmçinin nazirlik tərəfindən “Qanunçuluq”, “Cəmiyyət və cəza” jurnalları, “Yerli özünüidarə orqanlarının bülleteni”, “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” elmi jurnalı, “Ədliyyə” qəzeti mütəmadi nəşr edilir.

Bundan başqa, Ədliyyə Nazirliyinin beynəlxalq fəaliyyəti də olduqca rəngarəngdir. Ədliyyə Nazirliyi tərəfindən BMT, Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Prokurorlar Assosiasiyası, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər nüfuzlu beynəlxalq təşkilatlar və qurumlarla uğurlu əməkdaşlıq həyata keçirilmişdir. Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurası və onun strukturları ilə sıx əməkdaşlıq yaradılmış, belə əməkdaşlıq çərçivəsində korrupsiyaya qarşı mübarizə, hüquqi yardım və ekstradisiya, ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, uşaq, qadın və miqrantlar kimi həssas qrupların hüquqlarının müdafiəsi və digər aktual mövzular üzrə faydalı təcrübə mübadiləsi aparılmış, yüksək səviyyəli müxtəlif beynəlxalq konfranslarda ölkəmiz fəal iştirak etmişdir.

Beynəlxalq hüquq normalarının birbaşa tətbiqi və ya beynəlxalq məhkəmə presedentlərinin nəzərə alınması təcrübəsinin genişlənməsi istiqamətində “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.12.2006-cı il tarixli Sərancamının 5-ci bəndində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. Bu istiqamətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 2006-cı il qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı milli qanunvericilik ilə yanaşı Konvensiya müddəaları da rəhbər tutulmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməli, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir.

Bu gün Ədliyyə Nazirliyi Azərbaycan Respublikası adından hüquqi yardımın müxtəlif sahələri üzrə bir çox dövlətlərlə imzalanmış 30-dan çox beynəlxalq müqavilə üzrə səmərəli əməkdaşlıq həyata keçirir, dövlətimizin qoşulduğu 16 çoxtərəfli konvensiya üzrə isə əlaqələndirici və ya səlahiyyətli orqan kimi müəyyən olunmuşdur. Qardaş ölkə Türkiyə ilə geniş müqavilə-hüquq bazasına söykənən hüquqi sahədə əlaqələr xüsusu yer tutmaqla bu müqavilə-hüquq bazası 200-dən çox müqaviləni əhatə edir.

Bununla bərabər, insan hüquqlarının təminatı məsələləri ədliyyə nazirliyinin, o cümlədən, onun orqanlarının fəaliyyətində mühüm yer tutur.  Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında əsasnamədə qeyd edilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur. Əsasnamə ilə nazirliyin fəaliyyət istiqaməti kimi normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını aparmaq nəzərdə tutulmuşdur ki, belə fəaliyyət çərçivəsində normativ xarakterli aktlar və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikasının konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olmadıqda qüvvədən düşməsi, yaxud onlara əlavə və dəyişikliklərin edilməsi haqqında müvafiq orqanlar qarşısında məsələlər qaldırmaq hüququ nəzərdə tutulmuşdur ki, belə səlahiyyətlərlə nazirlik insan hüquqları və azadlıqlarının müdafiəsinin əlavə təminat mexanizmi kimi çıxış edir.

Beləliklə də, qanunvericiliklə vətəndaşlıq vəziyyəti aktlarının, hüquqi şəxslərin, o cümlədən, qeyri-hökumət təşkilatlarının qeydiyyatının aparılması, penitensiar sistemə rəhbərlik, notariat fəaliyyətinin, müvafiq məhkəmələrin işinin təşkilati təminatı, məhkəmə və digər orqanların qərarlarının icrasının təmin edilməsi, məhkəmə ekspertizalarının və cinayət təqibinin həyata keçirilməsi, bələdiyyələrə metodoloji yardım və onların qərarlarına inzibati nəzarət, beynəlxalq sahədə hüquqi yardım, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasının aparılması və s. çoxşaxəli fəaliyyətlə Ədliyyə Nazirliyi dövlət ədliyyə siyasətini şərəflə yerinə yetirir.

Qeyd edilənlərlə bərabər məhkəmə-hüquq islahatları da dövlət siyasətinin tərkib hissəsi kimi daim Azərbaycan Respublikasının diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə 28.12.2006-cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planı”, 06.02.2009-cu il tarixli “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün dövlət proqramı”, 27.12.2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”, 29.12.2012-ci il tarixli “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası  və “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 14.03.2018-ci il tarixli Fərman, 18.12.2018-ci il tarixli “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün dövlət proqramı” və digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının hüquqi və demokratik dövlət quruculuğunun ümumi inkişaf perspektivlərini müasir çağırışlar nəzərə alınmaqla, ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva etməklə, səmərəli dövlət idarəetməsi və qanunun aliliyini, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması ilə səciyyələnən inkişaf mərhələsinə nail olmağı özündə ehtiva edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli fərmanı  ədliyyə və məhkəmə sisteminin inkişafının “yol xəritəsi” olmaqla onun icrası üzrə daha səmərəli perspektivlərin müəyyənləşdirilməsinə imkan yaratmışdır. Fərmanda, məhkəmə hüquq islahatları çərçivəsində digər həlli vacib məsələlərin görülməsi ilə yanaşı, məhkəmə təcrübəsində sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmin yaradılması vəzifəsi qarşıya qoyulmuşdur ki, bu da məhkəmə qərarlarına dair meyarların təkmilləşdirilməsi, onların hüquqi dövlət konsepsiyası baxımından daha da inkişaf etdirilməsini zəruri edir.

Göründüyü kimi humanist, müdrik və uzaqgörən rəhbər cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının, Ədliyyə naziri cənab Fikrət Məmmədovun yüksək idarəçiliyinin və peşəkarlığının nəticəsi olaraq ədliyyə orqanları öz fəaliyyətlərini beynəlxalq standartlar nəzərə alınmaqla müasir dövrün tələbləri səviyyəsində qurmuşlar ki, bu da Respublikamızın, o cümlədən, ədliyyə sisteminin mütərəqqi inkişafını təmin edən əsas amillərdəndir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Vətəndaş cəmiyyəti yaratmaq və möhkəmləndirmək, demokratikləşmə prosesinin möhkəmləndirilməsi, hüquqi dövlətin qurulması şüar və ya niyyət deyil, bu, Azərbaycanın inkişafının əsas şərtidir.” Məhz ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, gərgin əməyi, zəngin dövlətçilik təcrübəsi, elmi-nəzəri cəhətdən hərtərəfli düşünülmüş və əsaslandırılmış konsepsiyası, bu gün isə onun layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində, Azərbaycan demokratik inkişaf yolu ilə inamla irəliləmiş və bütün maneələrə baxmayaraq, beynəlxalq arenada özünəlayiq yer tutmuş, hüquqi dövlət quruculuğu prosesi başa çatmış, qanunun aliliyi təmin olunmuş, Respublikada davamlı sosial-iqtisadi tərəqqi, ictimai siyasi sabitlik təmin olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsi həll olunmuş, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlmişdir. Təkcə ölkəmizin müstəqilliyini qazandığı qısa müddət ərzində dünyada 20 ən islahatçı ölkə sırasında yer alması və dövlətin və rəhbərliyin üzunmüddətli strategiyasına görə Azərbaycanın dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyllilik səviyyəsinə görə isə 5-ci yerdə olması barədə nüfuzlu beynəlxalq təşkilatların hesabatları ilə elan olunmuş uğurlarımız dediklərimizin təsdiqi üçün kifayətdir.

Bu gün fəxrlə demək olar ki, “Dəmir Yumruq” əməliyyatı kimi tarixə düşən 44 günlük şanlı zəfər yolunda bir daha təsdiq olundu ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövləti ən yüksək inkişaf zirvəsinə çatmışdır, xalq-hakimiyyət birliyi yenilməzdir, dövlətçiliyimiz möhkəm və etibarlı əllərdədir, dövlətimiz qüdrətli, ordumuz şücaətlidir. Ən mühüm məqamlardan biri isə budur ki, Azərbaycan xalqı yenilməz xalq-hakimiyyət birliyi ilə BMT-nin uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqla yeni tarixi ədalət nümunəsi yaratmışdır.

Belə bir şərəfli yolda ədliyyə işçiləri də öz misilsiz töhfələrini vermiş, müharibənin ilk günlərindən həm döyüş bölgəsində, həm də informasiya cəbhəsində fədakarlıq göstərmişlər. Ədliyyə Nazirliyi tərəfindən Vətən müharibəsi dövründə düşmənin işğalçılıq faktları və müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması üçün xarici ölkələrin ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara yüzlərlə müraciətlər ünvanlanmış, Azərbaycan həqiqətlərinin təbligi məqsədilə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılmışdır. Həmçinin ədliyyə və məhkəmə orqanlarının yüzədək əməkdaşı hərbi xidmətə, könüllü kimi yollanaraq yüksək vətənpərvərlik nümunəsi göstərmişlər.

Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədovun müəllifi olduğu “Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda” (Bakı, 2018) kitabı isə ədliyyə tariximizə sanballı töhfə olmaqla bu gün bütün hüquqşünasların stolüstü kitabıdır.

 

Bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı münasibətilə təbrik edir, onlara qanunun aliliyinin təmin olunması, insan hüquqlarının müdafiəsi istiqamətində çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram. 

 

Şəhriyar Əliyev

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi, hüquq elmləri doktoru