MARAQLI

“Patriot” artıq Amerikada

Keçən həftə Los-Ancelesdə UAZ “Patriot” avtomobilinin təqdimat mərasimi keçirilmişdir. Bu avtomobil ABŞ-da Bremach şirkəti tərəfindən “Bremach 4×4” adı altında satılacaq. Məsələ ilə bağlı müzakirələr bir ilə yaxın idi ki, davam edirdi. Əvvəlcə avtomobilin  “Taos” adı ilə təqdim olunması düşünülsə də , Volkswagen firmasının eyni adlı avtomobil satışa çıxarması bu fikri gündəmdən salmış oldu.

Amerikan “Patriot”-u standart və ekstrimal yolsuzluq şəraiti üçün nəzərdə tutulan iki modeldə təqdim olunacaq. Hər iki modeldə mühərrik həcmi 2,7 litr , sürətlər qutusu isə avtomatik 6 pilləli olacaq. (Punch Powwglide 6L50) Avtomobilin standart versiyası 26 405 dollar və yaxud 1,9 mln rubl təşkil edəcək. Xatırladaq ki, Rusiyada eyni avtomobil 1,4 mln rubl dəyərindədir. Bremach şirkəti ilk 24 saat ərzində 3,8 mln dollar məbləğində sifariş qəbul etdiyini bildirib. Sifarişlərin sayı tam olaraq bildirilməsə də, ön sifariş üçün ödənişin cəmi 100 dollar olduğu bildirilib.

Bremach şirkətinin nümayəndəsinin sözlərinə görə “Patriot” rəsmi olaraq ABŞ-a idxal edilən ilk Rusiya istehsalı avtomobildir. Həmçinin şirkət bildirir ki, “Patriot”  ortahəcmli yolsuzluq avtomobilləri arasında qiymət və xarakteristika baxımından ən münasib avtomobildir. Eyni zamanda avtomobilə 5 il və yaxud 100.000 km yürüşə qədər zəmanət veriləcək.