MARAQLI

Təqribən 80 oğru San-Fransisko yaxınlığında yerləşən ticarət mərkəzini qarət edib

San-Fransisko şəhəri yaxınlığında yerləşən elit univermaq qarət edilib. Polisin və hadisə şahidlərinin sözlərinə görə, oğruların sayı təqribən 80 nəfər olub. Bəzilərinin üzündə xizəkçi maskası, əllərində dəmir linglər olan bu adamlar univermağın əməkdaşlarına hücum edib, oradakı malları oğurlayıb, sonra isə onları gözləyən avtomobillərə minib hadisə yerindən qaçıblar.

AZƏRTAC xəbər verir ki, hücum edənlərdən 3 nəfəri həbs olunub. Qarətçilərin əksəriyyəti Uolnat-Krikdəki “Broadway Plaza” ticarət mərkəzində genişmiqyaslı qarət törətdikdən sonra gizləniblər. Polis bu hadisəni “açıq-aydın planlaşdırılmış tədbir” adlandırıb.

Şahidlərin sözlərinə görə, təqribən 25 avtomobil küçəni bağlayıb, bu maşınlarda gələn, əllərində dəmir linglər olan adamlar ticarət mərkəzinə soxulublar.

San-Fransiskonun polis zabiti Robert Ruyeka sosial şəbəkələrdə bildirib ki, cümə günü axşam San-Fransiskonun mərkəzi Yunion-skver meydanında yerləşən mağazalarda qarətlər və vandalizm ehtimalı barədə məlumatlara cavab olaraq bir neçə nəfər həbs edilib. Turistlər arasında çox populyar olan bu dəbdəbəli ticarət rayonundakı mağazalar bir neçə ildir ki, mütəşəkkil oğruların hədəfinə çevrilib. Onlar bəzən işdən kənar vaxtda öz avtomobillərinə minərək mağazaların vitrinlərini, şüşə qapı və pəncərələri qıraraq mağaza binalarına soxulurlar.

Kaliforniya ştatının polisi hadisə ilə bağlı təhqiqata başlayıb.