DÜNYA

Türkiyədə 4.7 bal gücündə zəlzələ olub

Türkiyənin Ərzurum vilayətinin Körpüköy rayonunda Rixter cədvəli üzrə 4.7 bal gücündə yeraltı təkan qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Ocağı yerin 6.9 kilometr dərinliyində olan zəlzələ noyabrın 22-də yerli vaxtla saat 11:31-də baş verib.

Hələlik, dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Qeyd edək ki, eyni episentrdə noyabrın 19-da yerli vaxtla saat 15:40-da Rixter cədvəli üzrə 5.1 bal gücündə yeraltı təkan baş verib. Nəticədə bir sıra tikililərdə tam və qismən dağıntı olub. Təbii fəlakət bölgəsində 66 ailə üçün konteyner və çadırlardan ibarət müvəqqəti sığınacaq salınıb.