İQTİSADİYYAT

Yaxın zamanlarda Rusiya-Azərbaycan birgə dəmiryol layihəsi işə salınacaq

Rusiyanın “RJD Logistika” və “Azərbaycan Dəmir Yolları” QSC Azərbaycanın digər logistika operatorları ilə birgə “Aqroekspress” layihəsinin reallaşdırılmasına başlayıb. Bu fikirləri “RJD Logistika”-nın layihə ofisinin rəhbəri Aleftina Kirillova mətbuata müsahibəsində diqqətə çatdırıb.  Onun sözlərinə görə, bu layihə çərçivəsində yaxın zamanlarda Azərbaycan xurmasının ilk pilot partiyasının dəmir yolu ilə Rusiyaya yola salınması planlaşdırılır.

“İlk sınaq qatarının yola salınmasından sonra biz marşrutla bağlı cari məsələlərin tənzimlənməsi, o cümlədən, tədarükün, gömrük prosedurlarının sürətləndirilməsi, yüklərin istehlakçıya daha keyfiyyətlə çatdırılması məsələlərini müzakirə edə bilərik” – deyə A.Kirillova bildirib. O qeyd edib ki, həmin məsələlərin tənzimlənməsindən sonra məhsul tədarükü həcmini artırmaq mümkün olacaq.