CƏMİYYƏT

Canlı tarix, canlı ensiklopediya

Yazıçı-dramaturq, publisist, filologiya elmləri doktoru, professor Aqşin Babayevin bu gün doğum günüdür. Yaşasaydı, 85 yaşını qeyd edəcəkdik. Təəssüf ki, il yarımdır ayrı-ayrı dünyalardayıq. 60 ildən artıq qeyri-adi sevgi yaşayan ömür dostu Müzəyyən xanım Aqşinsiz bu dünyada bir il iki ay tab gətirə bildi. İndi məzarda qoşa uyuyurlar. Unudulmaz dostumuz Aqşin müəllimin 80 illiyində təbrik yazımı “Canlı tarix, canlı ensiklopediya” adlandırmışdım. Bu gün də həmin fikirdəyəm. Aqşin Babayev bu qədər sevilib xatırlanırsa, elə yenə canlı tariximiz, canlı ensiklopediyamızdır. Elə isə cənnətdəki yubiley yaşınız mübarək, çox sevimli Aqşin müəllim! Uzun illər kafedra müdiri, rektorun müşaviri olduğu Mədəniyyət və İncəsənət Universitetində Aqşin Babayevin yubiley tədbiri keçirilir. Ruhu şad olsun!

Çox hörmətli Aqşin müəllim!

Səksən yaşın sizi səksəndirdiyi bir vaxtda təbrikimi məktub formasında ünvanlamağı qərara aldım. Qələm adamı şəxsiyyət olanda daha çox sevilir, yazdıqları inandırıcı olur. Bu baxımdan siz sayılıb-seçilən, sevilən qələm sahiblərindənsiniz. Həm də böyük həyat yolu keçmiş bir insansınız, mənsə böyük həyat yolunuzun yalnız özümlə bağlı bəzi məqamlarına aydınlıq gətirməyə çalışacağam.
Xəyal məni xeyli uzaqlara, ibtidai sinifdə oxuduğum illərə apardı. O zaman evlərimizdə radiolar vardı. Televiziyaların, videoların, komputerlərin olmadığı dövrdə radio insanların ən yaxın dostu, qulaq yoldaşı idi. Saat 6-dan 24-dək təmənnasız səslənirdi. Bütün verilişləri izləyirdim. Şənbə günləri verilən “Radio teatrı”-nı isə intizarla gözləyirdim. Hətta saatı da yadımdadır: 17:10. Günlərin birində Aqşin Babayevin “Bir parça həyat” adlı radiotamaşası verildi. Aktyorların səsi bu gün də qulaqlarımdadır. Elə duyğulanmışdım ki… İlk dəfə onda bildim ki, hər kəsin bir ulduzu var. Göydən ulduz axırsa, demək kiminsə ömrü bitir. Ömrü başa çatan Qulam dayı… İndi haqq dünyasında olan mənim sevimli Qulam dayım o illərdə çox cavan idi. Bir tələbəyə “iki” qiymət verdiyi üçün aldığı zərbə Nəriman müəllimin qəlbində, xatirində acı, heç zaman unuda bilməyəcəyi bir iz qoysa da, onu öz peşəsindən ayıra bilmədi. Məhz buna görə də o, mənim gözümdə ideala çevrildi. Sonra “Bir parça həyat” povestini kitabdan oxudum: “Nəriman Əlizadə mənəm. İstəyirəm öz həyatımı sizə danışım. Əlbəttə, bütün həyatımı yox, onun bir parçasını. Oxuyun, baxın. Bəlkə burada sizin də həyatınızdan bir parça var.” Bəli, belədir. Povesti hər oxuyan düşünür ki, burada mənim də həyatımdan da bir parça var. Əsəri oxuduqca, Nərimanla Sənubərin görüşləri, müharibə illərinin ağrılı xatirələri, unudulmaz xeyirxah insanlar – Güllü müəllimə, Fizzə xala insanın gözləri önündə canlanır. Bunlarla yanaşı, ərköyün, əmi-dayı hesabına təhsil alan, böhtançı Solmino, satqın müəllimlər, bütün bunlar da həyatın bir parçasıdır…

Aqşin müəllim!

Oxucu məhəbbətini hər şeydən yüksək qiymətləndirirsiniz. Danışırlar ki, günlərin birində öz kitablarınızdan almaq istəyirsiniz. Kitab mağazasına gedib satıcıdan kitab soruşursunuz. Satıcı təəssüflə bildirir ki, həmin kitabdan yalnız bircəsi qalıb, onu da özünə saxlayıb. “Alıcı”-nın pərt olduğunu görən satıcı söz verir ki, ona bir kitab alıb gətirəcək. Bu həmin zamanlar idi ki, kitablar on min, yüz min tirajla buraxılırdı. Əksəriyyətinin mağazalarda toz basdığının da şahidi idik. Bir qadın danışırdı ki, qardaşımgilin sinfində 20 qız oxuyurdu. Qardaşım sinifdə yeganə oğlan idi. Sovet dövründə bayram edilən 23 fevralda qardaşım evə əlidolu bağlama ilə gəldi. Çantada Aqşin Babayevin 19 ədəd “Kişilər az yaşadı” kitabı. Bir-birindən xəbərsiz qızlar sevdikləri yazıçı olaraq yalnız sizin kitablarınızı almışdılar. Həmin kitabı mən də oxumuşam. Saf, pak insanlar qalereyası və qərəzli, təmənnalı, hiyləgər tiplər… Azərbaycan radiosunda 32 illik fəaliyyətiniz bir ömrə bərabərdir. Mədəniyyətimizin yaxın dostu Ulu Öndər Heydər Əliyev də radio fəaliyyətinizi bəyənirdi. Daşıdığınız fəxri ad – Əməkdar jurnalist adı da radiodakı uzunmüddətli xidmətinizin nəticəsidir.

Aqşin müəllim!

Azərbaycan radiosunda yaratdığınız ənənələr bu gün də yaşayır. Sizin xeyirxahlığınızdan faydalanmışların sağ qalanları o illəri minnətdarlıqla anırlar. Radionun səs xəzinəsində müxtəlif sənətkarların ifalarını yaşadan yüzlərlə lent yadigarı var ki, bunlar məhz sizin sədr müavini işlədiyiniz dövrdə, məhz sizin təşəbbüsünüz, qayğı və diqqətinizin hesabına yaranıb. Sizdən yazmaq, həm də Azərbaycan radiosunun tarixindən yazmaq deməkdir. Bizlər üçün canlı tarix, canlı salnaməsiniz. Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professoru olsanız da, radio bir müddət yenə də fəaliyyətinizin ayrılmaz bir hissəsinə çevrildi. ANS ÇM-də apardığınız “Biri var, biri yox…” müəllif verilişiniz zərurətdən yarandı. Gəncliyinizin qaynar gücü ilə ömrün müdrikliyi bu verilişdə qovuşurdu. Bir zamanlar Azərbaycan radiosunda həmsöhbət olduğunuz ədəbiyyat, incəsənət adamları barədə xatirə verilişləri hazırladınız. Verilişlərə onları şəxsən tanıyanları, ailə üzvlərini dəvət edib yaradıcılıqlarından nümunələr səsləndirirdiniz. Mən də bir neçə dəfə qonağınız olmuşam. Hər dəfə də böyük ürək genişliyilə qeyd edirdiniz ki, sizin “Söz” jurnalı ilə bizim veriliş arasında ruh doğmalığı, ruh yaxınlığı mövcuddur. “Söz” jurnalı da həyatda izi, sözü, sənəti olanları unutmağa qoymur, “’Biri var, biri yox…” verilişi də. Hər ikisi hər cür sevgiyə layiq olan insanları yada salmaqla xeyirxah bir iş görür. Mənin yazı qəhrəmanlarıma – şair-dramaturq Şəkər Aslana, sənət fədaisi İmamverdi Bağırova, adi dəniz matrosluğundan Daxili İşlər nazirinədək yüksələn general-mayor Aydın Məmmədova, yaşadıqları zamanın ən çox sevilən xanəndələri Xanəli Əkbərov və Əlyar Əmirova həsr etdiyiniz verilişlər necə rəğbətlə qarşılandı. Uzun illər Bakı şəhər Partiya Komitəsinin I katibi, Rabitə naziri, Yüngül Sənaye naziri və s. vəzifələrdə ləyaqətlə işlədiniz, böyük azərbaycanlı Nəsrulla Nəsrullayev haqqında hazırladığınız veriliş də çox böyük məhəbbətlə qarşılandı. Bu da yaddan çıxan deyil ki, veriliş efirə gedəndən dərhal sonra sizə də, mənə də minnətdarlıq bildirən nə qədər zənglər gəldi. Verilişlərdə bir “ev yiyəsi” olaraq mənə elə şərait yaradırdınız, az qala aparıcıya dönürdüm. Və hər dəfə də qəhrəmanlarım haqqında böyük ürəklə qeyd edirdiniz: “…haqqında çox oxumuşam, amma ürəyimə ən çox yatan, ürəyimi riqqətə gətirən Sevda Əlibəylinin yazısıdır.”
Sayılıb-seçilən, təcrübəli qələm adamı olaraq mənə verdiyiniz yüksək qiymət məsuliyyət hissimi artırırdı.

Xalq artisti Canəli Əkbərovun filarmoniyada yubileyi idi. Sizi çıxışa dəvət etdilər. Xanəndə haqqında yazdığım yazıya istinad edərək danışdınız və yazımı çox təriflədiniz. O yazını təklikdə mənə tərifləyən çox olmuşdu, amma heç kəs fıkirlərini tribunadan söyləməmişdi. Adətən insanlar gənc yaşlarında şeir yazırlar. Sonra nəsrə, dramaturgiyaya keçirlər. Gəncliyinizdən şeir yazdığınızı bilirəm. “Bir içim su istədim” adlı şeirlər kitabınızı mənə avtoqrafla bağışlayanda artıq Aqşin Baba idiniz. Aqşin müəllim, yaşınızın indiki müdrik çağında da operativliyinizi saxlamısınız. Bütün tədbirlərə vaxt tapırsınız. Azərbaycanda ilk və yeganə poliqrafçı alim Şəddat Cəfərov haqqında kitab yazırdım. Bu barədə sizə danışdım və istədim ki, həmin kitabda sizin də ürək sözləriniz olsun. Bir neçə gündən sonra Şəddat müəllimlə bağlı yazını mənə təqdim etdiniz. “Bəyaz gecənin qızları” adlı ilk hekayələr kitabımı çapa hazırlayırdım. Utana-utana fikir söyləmənizi, ön söz yazmağınızı xahiş etdim. Aradan iki gün keçməmiş fikirlərinizi “Sözlə yüksələn qələm sahibi” başlığı ilə mənə təqdim etdiniz. Yazırdınız: “Xəzərin general oğlu” (Aydın Məmmədov), “Tanrısı haqq olan aşiq” (İmamverdı Bağırov), “İlk poliqrafçı alim” (Şəddat Cəfərov) kitabları kimi bu kitabı da maraqla oxudum. Sevda xanımın yazı tərzini, obrazlı ifadələrini, təsvirlərini, söz duyumunu çox bəyəndim. Yumoristik hekayələri də oxunaqlı, ürəyəyatımlıdır.”
Ən yüksək qiymətləndirmələrinizdən biri də Nazim Hikmət haqqındakı kitabınızın redaktorluğunu mənə tapşırmağınızdır. Aqşin müəllim, çox sağ olun. Buna ürək genişliyinizin hüdudsuzluğu deyərdim.

Ömür-gün dostunuz Müzəyyən xanımla telefonda illərin dostu kimi danışırdıq, amma üzdən bir-birimizi tanımırdıq. Dram Teatrında hansısa tədbir var idi. Qapıda dayanıb rəfiqələrimi gözləyirdim. Uzaqdan sizin gözəl, cavan bir xanımla qol-qola gəldiyinizi görəndə, doğrusu, birtəhər oldum. Düşündüm evə çatan kimi zəng vurub Müzəyyən xanıma deyəcəm. Yaxınlaşanda bizi tanış etdiniz. Demə, qol-qola gəldiyiniz gözəllər gözəli elə Müzəyyən xanım imiş.

— Allah sizi bir-birinizə çox görməsin!

Aqşin müəllim!

Son illər heç bir tədbirimiz sizsiz keçmir. Haqqımda ən gözəl söz deyənlərdən biri siz olmusunuz. Ərəbşünas alim Malik Qarazadə haqqında kitabımın təqdimatı olacaqdı. Həmişəki kimi sizi də dəvət edəndə dişlərinizi çəkdirdiyinizi söylədiniz. Ani sükutdan sonra:

— Sizin məğər dişləriniz də var? – deyə təəccüblə soruşdum.

Hər ikimiz güldük. Bu telefon söhbətimiz zamanı siz 78 yaşında idiniz. Müzəyyən xanımla tədbirə gəldiniz, gözəl çıxış etdiniz və diş söhbətimizi söyləməklə məclisdə xoş ovqat yaratdınız. İndi bu diş söhbəti bizim zarafat obyektimizdir. Hər telefon söhbətimiz zamanı tapşırırsınız ki, tədbirin olsa, çağır ha, dişlərim çağbaçağ yerindədir.

“Xalq” Mətbuat Mərkəzində jurnalist İsaq Əmənullayevin Azərbaycanın ilk poliqrafçı alimi Şəddad Cəfərov haqqında kitabının təqdimatına sizi də dəvət etmişdik. Gəlib orijinal fikirlərinizlə çıxış etdiniz. Sonda şəkil çəkdirəndə Müzəyyən xanımla sizin aranıza “girmişdim”. Nə qədər təkid etsəm də, Müzəyyən xanımla yerimi dəyişə bilmədim. Dedi, mən bacıyla qardaşın arasına girə bilmərəm. Siz məni kiminləsə tanış edəndə – yaş etibarı ilə mənə bacı düşməsə də – onu bacım kimi qəbul edirəm, – söyləyirdiniz. Müzəyyən xanım isə söyləyirdi ki, Sevda ilə kaş çoxdan tanış olaydıq. Səmimi münasibətinizə, yüksək qiymətinizə görə hər ikiniz var olun. Mən isə elə bilirəm, həyatı anlayandan sizi tanıyır, sizinlə dostluq edirəm.

Sevimli Aqşin müəllim!

2011-ci ildə əziz qardaşım Yusifi itirmişdik. Hüzn məclisi Lənkəranda idi. Gələn gəldi, gəlməyənlər zəng vurub başsağlığı verdilər. Sizdən zəng olmadı. Bildim ki, xəbərsizsiniz. Bakıya gələn kimi ilk zəngi siz vurdunuz. Sanatoriyada olduğunuzdan “Ədəbiyyat qəzeti”-dəki başsağlığını gec oxuduğunuzu dediniz. Həmin zamanlarda mənə çox təsəlli oldunuz. Qardaşınız Elxan Babayevi vaxtsız itirdiyinizdən bu dərd sizə də yaxın idi.

Aqşin müəllim!

Hər hansı musiqi alətində çalmağı bacaranlara qibtə ilə baxıram. Tarı isə musiqi alətlərinin şahı sayıram. Evimizdə tar, piano olsa da, dilləndirən yoxdur. Tar söhbətini atanızla bağlamaq istəyirəm. Ensiklopedik biliyə malik olan, dövrünün tanınmış ziyalılarından sayılan Əlisəttar Babayevi görmədiyimə görə təəssüflənirəm. Tarı təkcə özü üçün dilləndirməyib. Neçə-neçə sənətçi – Leyla Bədirbəyli, Şövkət Ələkbərova, Gülağa Məmmədov – ilk sənət imtahanını məhz onun qarşısında veriblər. Belə teatral mühitdə böyüdüyünüzdən siz də tara biganə qala bilməzdiniz. İlk tar dərsinizi də Əhsən Dadaşovdan, Məmmədağa Muradovdan qabaq atanızdan almısınız. Hər hansı ailənin səviyyəsini uşaqlara verilən adlarla qiymətləndirmək çoxdankı şakərimdir. Atanızın Cəfər Cabbarlıya, bütövlükdə dramaturgiyaya sevgisi övladlarının adlarında da öz əksini tapıb – Aqşin, Elxan, Sevil, Ofeliya…

Hörmətli Aqşin müəllim!

Böyük Nazim Hikmətə sonsuz sevginiz hamıya bəllidir. Onun şeirlərini sizin dilinizdən eşidəndə elə bilirəm Nazimlə üz-üzəyəm. Türk ədəbiyyatına sevginiz təkcə Nazim Hikmətlə bitmir. Başqa sənətçilərin əsərlərini də dilimizə çevirmisiniz. Ötən əsrin 80-ci illərinin sonunda Əziz Nesinin “Hekayələr” kitabı buraxılmışdı. “Sərt adam” hekayəsinin tərcüməsi sizin idi. Etiraf edirəm ki, heç bir əsəri oxuyanda o qədər gülməmişəm. Əlbəttə, hekayəyə sizin öz yumorunuz da qatılmışdı. İstəyirəm təbrik məktubumu elə gülüş notlarıyla bitirim. Ürəyimdə qalan təbriklərin, söhbətlərin ardını 90-da gözləyin. İnşallah!

 

 

 

Sevda Əlibəyli

 “Söz” jurnalı, oktyabr, 2016.