CƏMİYYƏT

Goranboyda narkomaniya ilə mübarizəyə dair maarifləndirici görüşlər keçirilib

Goranboy Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı və Rəhimli kənd tam orta məktəblərində karantin tələbləri nəzərə alınmaqla “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında tədbir və şagirdlərlə görüşlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə rayon polis şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov çıxışında belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açaraq qeyd edib ki, bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır: “Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir”.

R.Qədirov yeniyetmə və gənclərin narkomaniyaya qurşanmasını onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olduğunu deyib: “Bəzən həyətdə, küçədə, məktəbdə, işdə hətta bir narkomanın olması ətrafdakılara mənfi təsir göstərir. Gənclərin narkotik vasitələr haqqında yetərli informasiyaya malik olmaması, onun təhlükəsini başa düşməməsi, lazımi dərəcədə qiymətləndirilməməsi nəticə etibarilə ömürlük asılılıq yaradır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür”.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.