DÜNYA

İtaliyanın Vulkano adasında vulkan

İtaliyanın Vulkano adasında vulkanik fəaliyyətlər nəticəsində təhlükəli qazların artması səbəbindən sakinlərin təxliyəsinə başlanılıb. Oksigen səviyyəsinin sürətlə aşağı düşdüyü adada insanlar və ev heyvanlarında ciddi tənəffüs xəstəlikləri qeydə alınıb. Aeolian arxipelaqındakı 7 adanın hamısının daxil olduğu Lipari bölgəsinin meri Marko Giorgianni qırmızı zona elan edilən ərazilərin boşaldılması barədə fərman imzalayıb. Qərara əsasən, adanın 300-dək sakini yerli vaxtla saat 23:00-dan 6:00-dək evlərində qala bilməyəcək. Sarı zona elan edilən ərazilərdə isə insanlar yuxarı mərtəbələrdə olmaq şərti ilə evlərində qala bilərlər. Bununla yanaşı, bütün qeyri-rezident ziyarətçilərin və turistlərin bir ay müddətinə adaya səfər etmələri qadağan edilib. Hazırda adada karbon qazının səviyyəsini ölçmək üçün 4 geokimyəvi stansiya fəaliyyət göstərir. Xatırladaq ki, adadakı vulkan sonuncu dəfə 1890-cı il martın 22-də püskürüb.

T.Rüstəmov