İDMAN

“Marca”: FIFA “Real Madrid”ə əlavə ödəniş edəcək

İspaniyanın “Real Madrid” klubu FIFA-dan əlavə ödəniş alacaq.

AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, buna Madrid təmsilçisinin futbolçusu Qaret Beylin Uels millisinin düşərgəsində zədələnməsi səbəb olub.

Ali futbol qurumunun 2019-cu ildəki qərarına əsasən, oyunçular yığmanın heyətində zədələnərsə, klublara təzminat veriləcək.

FIFA 32 yaşlı hücumçunun 28 gündən çox “kral klubu”nun heyətində olmayacağı təqdirdə 25,5 min avro ödəməli olacaq.

Qeyd edək ki, Qaret Beyl Belarusa 5:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib. Forvard ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, daha əvvəl də yığmanın oyunlarında zədə alıb. Beyl cari mövsüm La Liqanın 3 oyununda iştirak edib və 1 qol vurub.