DÜNYA

“Panasonic” şirkəti avtomobilləri kiberhücumlardan qoruyacaq proqram hazırlayacaq

Yaponiyanın tanınmış “Panasonic” şirkəti internet vasitəsilə idarə edilən avtomobilləri kiberhücumlardan qoruyacaq proqram təminatı hazırlamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 23-də Kyodo agentliyi məlumat yayıb. Şirkətin apardığı araşdırmaların nəticələrinə görə, kiberhücum nəticəsində baş verən nəqliyyat qəzası sürücünün ölümünə səbəb ola bilər. Belə halların qarşısını almaq üçün hazırlanacaq proqram nəqliyyat vasitəsinin idarəetmə sistemində olan səhvləri aşkar etməyə imkan yaradacaq. Bu məqsədlə “Panasonic” şirkətinin xüsusi əməkdaşlar qrupu bütün sutka ərzində növbədə dayanacaq. Bu zaman yalnız Yaponiyada deyil, həmçinin xaricdə olan avtomobillərin qorunmasını da həyata keçirəcək.

Kyodonun məlumatına görə, internet vasitəsilə idarə edilən nəqliyyat vasitələrinin sayı 2035-ci ildə hazırkı 34 faizdən 80 faizədək qalxacaq.