SİYASƏT

Əl-Cəzirə telekanalında Azərbaycanın Vətən müharibəsindən sonra regionda baş verən proseslər barədə danışılıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Qətərin Doha şəhərinə səfəri çərçivəsində “Al Jazeera Mubasher” telekanalına müsahibə verib. Müsahibə Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə baş tutub.

BMTM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fərid Şəfiyev Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün keçdiyi yol, Ermənistanla Azərbaycan arasında mövcud olmuş münaqişənin sülh yolu ilə həlli prosesinin dalana dirənməsi və müharibənin başlanması barədə məlumat verib. Müharibədən sonra regionda baş verən proseslər barədə danışan BMTM-nin sədri Azərbaycanın Ermənistanla dinc yanaşı yaşamaq istədiyini vurğulayıb: “Biz Ermənistan tərəfinə sülhməramlı təkliflər veririk. Hər iki ölkənin ərazi bütövlüyü tanınmalıdır. Lakin Ermənistan birgəyaşayışla bağlı qərar verməyib və hələ də aramızda insidentlər yaşanır”.

Son vaxtlar sərhəddə baş vermiş son proseslərə də münasibət bildirən Fərid Şəfiyev iki ölkə arasında sərhədlərin müəyyən olunmasına ehtiyac olduğunu diqqətə çatdırıb: “Azərbaycan Ermənistan tərəfinə sərhədin demarkasiyasına başlanmasını təklif edir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalıdır”. Sərhəddə baş vermiş son təxribatın Ermənistan tərəfindən törədildiyini vurğulayan sədr, həmçinin İran yük maşınları ilə bağlı yaşanmış son gərginlik, bu problemin həll edilməsi, Türkiyə-Azərbaycan əlaqələrinin strateji mahiyyəti barədə sualları da cavablandırıb.