CƏMİYYƏT

Ərdoğan İƏT-in komitə iclasına sədrlik edəcək

Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək. Türkiyə mediası xəbər verir ki, nazirlərin toplantısına prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

  İclasda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə İslam bankçılığının rolu ilə bağlı fikir mübadiləsi aparılacaq. Nazirlərin iclasında, həmçinin, 17-18 noyabr gündəliyi üzrə texniki müzakirələrdən sonra yüksək səviyyəli ekspertlər tərəfindən hazırlanmış qətnamə layihələri qiymətləndiriləcək.

İclasda COMCEC-in komitənin üzvü olan ölkələr arasında ticarət, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması və maliyyə sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq. Bundan əlavə, iclasda İƏT-in İstanbul Arbitraj Mərkəzi və İslam İndeks Fondunun layihələri də təqdim olunacaq. Qeyd edək ki, COMCEC 57 üzv ölkəni birləşdirir, daha 5 ölkə komitədə müşahidəçi statusuna malikdir. O, nazirlər səviyyəsində əsas qərar qəbul edən orqandır, 1984-cü ildən hər il toplanır və üzv ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə bir çox mühüm layihə və proqramlar həyata keçirir. Təşkilat İslam ölkələrinin inkişaf problemlərinin həllini tapmağı qarşısına məqsəd qoyub.

T.Rüstəmov