İQTİSADİYYAT

Azərbaycanda 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf strategiyası hazırlanıb

2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası hazırlanıb və təsdiq edilmə mərhələsindədir. Bunu Milli Məclisdə keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. O qeyd edib ki, ölkədə postpandemiya və postkonflikt dövründə yeni strateji mərhələyə keçid baş verir.“Strategiya çərçivəsində iqtisadi artımın davamlı olması üçün dövlət və özəl əməkdaşlıq genişləndirilməli, regionlarda mövcud iş resursları iqtisadi fəaliyyətə cəlb edilməlidir. İnnovasiyalı yeni iqtisadi artım modeli formalaşdırılacaq. Yeni strategiya layihəsi həyata keçirməklə ölkədə cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər görüləcək” – deyə o bildirib.
Nazir müavini, həmçinin deyib ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2022-2026-ci ildə dünyada iqtisadi artım tempi 3 faizdən çox olacaq.
“Bizim strategiyamızın icrası nəticəsində 4 faiz ətrafında ÜDM-nin artımı, qeyri-neft sektorunda isə 5 faiz artım olacağı proqnozlaşdırılır. Eyni zamanda, proqnozlara görə, turizm sektorunun ikirəqəmli artımı gözlənilir. Növbəti il üçün biz turizm sahəsində 48 faizdən çox artım proqnozlaşdırırıq. Ondan sonrakı illərdə də bu sahənin artımı ikirəqəmli olacaq” – deyə nazir müavini qeyd edib.