NİZAMİ İLİ

Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun təntənəli açılış mərasimi olub

Noyabrın 24-də Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 26-dək davam edəcək forum “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşır.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bütün qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var. Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.

Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir. Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlər keçiriləcək.

Nizami Gəncəvinin Şərq və Qərb yazarlarının fikir mənbəyi olduğunu bildirən nazir deyib ki, Azərbaycan Nizami Gəncəvi dəyərlərinə hər zaman sahib çıxıb.

Nizami Gəncəvinin Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairlərdən biri olduğunu söyləyən Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov deyib: “Nizami Gəncəvinin bütün yaradıcılığı, həyatı bilavasitə Azərbaycanla bağlıdır. O nəinki Gəncədə doğulub, bütün həyatını Gəncədə keçirib. Onun yaradıcılığı nə dərəcədə Azərbaycanla bağlıdırsa, o dərəcədə də ümumbəşəri dəyərlərə xidmət etdiyindən bütün dünyaya örnəkdir. Nizami Gəncəvi yaradıcılığına xas olan bütün dəyərlər – xeyirlə şərin mübarizəsi, gözəlliyin tərənnümü, ədalətli cəmiyyət problemi, hesab edirəm ki, bəşəriyyətin bütün xalqlarına və bütün dövrlərinə aid ümumi problemlərdir. Nizami Gəncəvi böyük şair deyil, eyni zamanda dahi mütəfəkkir, dərin təfəkkürə sahib filosof idi. Onun əsərlərində xalqlar asında dostluq ideyalarını tərənnüm edən tezislər də mövcuddur. İndiki dillə desək, Nizami Gəncəvi xalqlar arasında xoşməramlı səfir idi. Ona görə də bütün dünya o dahi şairi 880 il sonra da böyük hörmətlə yad edirlər. O, 880 ildən çoxdur ki, sevilir, oxunur. Onun poeziyası məzmununu itirməyib. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri iftixarıdır. O, 8 əsrdən çoxdur ki, şeirləri, fikirləri ilə yaşayır. Güman edirəm ki, şairə xas olan dərin fəlsəfi fikirlər bu forumda müzakirə ediləcək, Azərbaycandan kənarda da Nizami Gəncəvi yaradıcılığına marağı daha da artıracaq”.

Forumda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, “Nizami Gəncəvi kimdir?” sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı, astronomiya, fəlsəfə, coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda 7 dili mükəmməl bilən alimdir. Nizami Gəncəvi ürəyində və beynində mürəkkəb düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni, istər duyğu, istərsə də fikirləri mükəmməl şəkildə sözə çevirib insanlıq üçün miras qoyub: “Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək. Biz, türk dünyasının mədəniyyət körpüsünü var edən əcdadlarımıza idarəçisindən sənətkarına, aliminə qədər sahib çıxmağın məsuliyyətini daşıyırıq. Əks halda, bizi bir və bütöv edən bu bənzərsiz insanlar ya unudulacaq, ya da öz millətindən, soyumuzdan, tariximizdən, birliyimizdən qoparılıb yadlaşdırılacaq. Nə atalarımız, nə də uşaqlarımız belə bir günahın hesabını verə bilmərik. Bir olub minillik illik tariximizə birlikdə sahib çıxacağıq.

Tədbirdə Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov və Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Forumun keçirilməsini yüksək qiymətləndiriblər.

Bildirilib ki, öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz xidmətləri vardır. Bu baxımdan tarixdə onunla eyni sırada dayanacaq ikinci söz və fikir adamı yoxdur. Nizami poeziyası bir daha sübut edir ki, Azərbaycan xalqı əsrlər boyu humanizm ideyalarının daşıyıcısı olmuşdur.

Sonda Forumun 8 bənddən ibarət Birgə Kommünikesi qəbul edilib.

Forum işini panel müzakirələrlə davam etdirir.