NİZAMİ İLİ

“Nizami “Xəmsə”-sində cəvahirat adlarının poetik funksiyası” adlı mühazirə keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Azərbaycan dahi şair və mütəfəkkir, farsdilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il “Nizami ili” çərçivəsində növbəti onlayn mühazirə keçirmişdir. Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı il ərzində rayon təhsil şöbəsi ilə birlikdə “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz…” devizi ilə Nizami mühazirələri”-nin altıncı toplantısı 24 noyabr tarixində onlayn formatda baş tutmuşdur.
Onlayn tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq 2021-ci ilin “Nizami ili” elan edilməsinin heç də təsadüfi olmadığını vurğulamış, Nizami yaradıcılığının nəyinki Azərbaycan, bütün türk dünyasında, eyni zamanda Yaxın Şərq coğrafiyasında çox dəyərli bir mənbə, örnək olduğunu qeyd etmişdir. Aran filialının keçirdiyi “Nizami mühazirələri”-nin dahi şairin poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliği məqsədini daşıdığını söyləmişdir.
Sonra N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Nizami “Xəmsə”-sində cəvahirat adlarının poetik funksiyası” mövzusunda məruzə edərək Nizami Gəncəvinin “Xəmsə”-sində yer alan cəvahirat adları ilə bağlı rənglər, ravayətlər, məkanlar, poetik fiqurları şərh etmişdir. O, Nizami poemalarının poetik tərcüməsində öz əksini tapa bilməyən məqamları orijinaldan götürülmüş nümunələr əsasında açıqlamışdır.
Mühazirəyə Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulmuşlar. Mühazirədən sonra Şəfəq Əlibəyli böyük məmnunluqla dinləyicilərin suallarını cavablandırmışdır. Sonda Yaqut Bahadurqızı və Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov mühazirəçiyə təşəkkürlərini bildirmişlər.