MARAQLI

Planetin ən yaşlı sakini Filippində vəfat edib

Filippində planetin ən yaşlı sakini Fransiska Susano 124 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kabankalan şəhərinin hökuməti öz feysbuk səhifəsində məlumat yayıb. Uzunömürlü sakinin noyabrın 22-də axşam saatlarında dünyasını dəyişdiyi bildirilir.

“Qəlbimizdə kədər hissi ilə Fransiska Susanonun vəfatı xəbərini aldıq. Bu qadın bizim ilham və qürur mənbəyimiz olaraq daim qəlbimizdə qalacaqdır”, – deyə məlumatda bildirilir.

F.Susanonun vəfatının səbəbləri barədə məlumat verilmir. Yerli tibb müəssisəsinin bildirdiyinə görə, bu qadında heç bir virus simptomu yox idi.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, F.Susanonun dünyanın ən yaşlı sakini olması Ginnesin Rekordlar Kitabında rəsmi təsdiqini tapıb. Əlavə olaraq qeyd edilir ki, o, 1897-ci il sentyabrın 11-də anadan olmuşdu.