CƏMİYYƏT

Azərbaycan və Türkiyənin baş prokurorları Qarabağda

Türkiyənin İstanbul şəhər baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib. Noyabrın 24-də nümayəndə heyəti işğaldan azad edilmiş Qarabağa səfər ediblər. Qonaqlar əvvəlcə İkinci Qarabağ müharibəsində qələbəmizin daha bir rəmzi hesab edilən Azərbaycan ordusunun çətin relyef şəraitində irəlilədiyi zəfər yolu ilə tanış olublar, türk şirkətlərinin də inşasında yaxından iştirak etdiyi yolun strateji əhəmiyyətini qeyd ediblər. Daha sonra, nümayəndə heyəti “Qarabağın hava qapısı” hesab olunan Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olublar, qonaqlara bütün müasir tələblərə cavab verən aeroportda yaradılan şərait barədə geniş məlumat verilib.
Qonaqlar həmçinin, Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olublar, aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin “Böyük Qayıdış”-a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması olduğu diqqətə çatdırılıb. Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş mədəniyyət beşiyimiz Şuşa şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Qonaqlar qısa vaxtda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulayıblar.
 
T.Rüstəmov