İQTİSADİYYAT

Beynəlxalq reytinq mərkəzləri Azərbaycanda iqtisadi islahatların nəticələrini yüksək qiymətləndirir

Azərbaycanın sosial – iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də, ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən kənarda qalmır  və yüksək qiymətləndirilir. Beynəlxalq reytinq agentliklərinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.

Azərbaycanın uğurları, sistemli iqtisadi siyasəti, reallaşdırdığı islahatlar dünyanın aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri tərəfindən yüksək qiymətləndirilir.  Məsələn, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin  bu yaxınlarda Azərbaycan manatının  məzənnəsi ilə bağlı proqnozu diqqət çəkir. Belə ki, agentlik növbəti dörd ildə Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə sabit 1,7 səviyyəsində olacağını proqnozlaşdırır.  Beynəlxalq reytinq agentliyi hazırda manatın məzənnəsinin dövri fiksasiya ilə çevik məzənnə rejimi kimi təsvir edir.
“S&P Global Ratings” agentliyi Azərbaycan Mərkəzi Bankının   valyuta ehtiyatlarının 2024-cü ilə qədər 20,2 faiz artaraq 7,521 milyard ABŞ dollarına çatacağını da proqnozlaşdırır.

“Moody’s”  beynəlxalq reytinq agentliyi tərəfindən isə Azərbaycanda makroiqtisadi dayanıqlılığın əsas qarantı kimi ölkəmizin valyuta rezervləri göstərilir ki, bu da Beynəlxalq Valyuta Fondunun metodoloji təlimatına görə, Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlardır. Makroiqtisadi şoklar çərçivəsində toplanan və idarəolunan ehtiyatlar isə enerji qiymətlərinin enməsi fonunda məzənnə və fiskal siyasətin dayanıqlılığının və sabitliyinin qorunması üçün yeganə zəmindir.  Bundan əlavə, neft-qaz gəlirləri hesabına formalaşan ehtiyatların dövlət borcunu üstələməsi və ödənməli borcların bağlanması, habelə büdcə defisitini kompensasiya etmə kimi rahatlıq, əminlik və inam formalaşdırması makroiqtisadi dayanıqlılıq üçün əlavə zəmanət rolunu oynayır.