MƏDƏNİYYƏT

“Dünya eşitsin” şair səsini

Mövlud Teymurun “Dünya eşitsin” şeirlər kitabı haqqında bir neçə söz…

Qələbəmizin birinci ildönümünü qeyd etdiyimiz bu günlərdə vərəqlədiyim kitablar içərisində, hörmətli qələm adamı, istedadlı şair Mövlud Teymurun “Dünya eşitsin” yeni şeirlər kitabı xüsusi yer tutur. Bu kitab haqq səsimizi dünyaya çatdırmaq istəyən vətənpərvər bir qələm adamının hayqırtıları, çırpıntıları kimi də dəyərləndirilə bilər. Ömrünü sözə verib, qəlbini sözlə ovudan, onun sehrində bulunan adamlardandı Mövlud Teymur. Maraqlıdır ki, kitabın ilk səhifəsi “Könüllər deyəcək bu gün zəfərdir” şeirindən verilmiş bir misra ilə açılır. Doqquz il əvvəl yazılmış bu şeiri qazanılmış Zəfərin müjdəçisi də adlandırmaq olar. Bu, əsl şair inamı, şair fəhminin gücü, sarsılmaz inamı idi ki, o, hər zaman torpaqlarımızın yağı tapdağından azad olunacağına inanıb və özünü bu ruhda kökləyib.

AZƏRTAC xəbər verir ki, Mövlud Teymurun “Təknur” MMC-nin mətbəəsində nəfis şəkildə çap olunmuş yeni şeirlər kitabı başdan-başa Vətən sevgisindən yoğurulub. Vaxtı ilə böyük Tolstoy bir pedaqoq kimi uşaqlara deyirdi ki, Vətən “Yasnaya Polyana”dan başlanır. Mövlud Teymur üçünsə Vətən kiçik bir dağ kəndindən başlayır. Şair öz kökləri ilə onu bəsləyən, boya-başa çatdıran, ona böyük həyata vəsiqə verən kiçik yurdunu incə məhəbbətlə sevir. Böyük vətəndaş sevgisinin ilk qığılcımlarının məhz balaca Buynuz kəndində yaranması bu baxımdan heç də təsadüfü deyil. İlk dəfə burada eşitdiyi əsrlər qədər uzaqlardan gələn doğma ana laylasının, babasından, nənəsindən eşitdiyi, bir anda bir neçə əsri uçub aşan saysız dastan və nağılların hər birində vətən var. Onun “Kənd mənə bir vətən olub” şeiri də, məhz bu sevgidən doğulub:

Harayında, hayındayam,

Dağdan axan çayındayam

Xoş günündə, ayındayam,

Kənd mənə bir vətən olub!

Mövlud Teymurun qələmə aldığı əsərlərinin əksəriyyəti birbaşa ya doğma kəndi ilə bağlıdır, ya da kənddən gətirdiyi uşaqlıq, gənclik xatirələrinin şövqü ilə yazılmış saf və səmimi duyğulardır. Həmçinin şairin şeirlərinin əksəriyyətində də kəndli həyatı, kəndli zəhməti qabarıq şəkildə təsvir olunur.

Vətən sevgisi ilə böyüyən və içindəki Vətən məhəbbətini də özü ilə böyüdən şairin kiçik bir kənddən başlayan Vətən sevgisi zamanla sərhədləri aşan, məcraya sığmayan bir ordunu ayağa qaldıra biləcək qədər güclü bir vətəndaş sevgisinə çevrilir.

Onun doğulduğu məkana, yaşadığı kəndə sevgisindən yoğurulan misralarını oxuduqca böyük mütəfəkkirlərdən birinin dediyi: “Bir yazıçı doğulduğu yurdun poçt markası boyda bir yerindən ömrünün sonuna qədər yazsa, yenə qurtarmaz” fikrini xatırlayıram. Əsl qələm adamlarının dünyaya göz açdıqları məkan əslində onların “yazı masasıdır”. Belə insanların bütün tale yolu, qələm məhsulları, uğurları və uğursuzluqları bu masadan keçir.

Azərbaycan gəncliyinə dilimizi, mədəniyyətimizi, tariximizi sevə-sevə mənimsədən Mövlud Teymurun yaradıcılığı hər bir Vətən övladını əsl vətənpərvər insan kimi yetişdirmək gücünə malik olan ən yaxşı müəllimdir. Onun şeirləri təkcə vətənə sevgi aşılamır, bir çox məqamlarda indiki gəncliyə Azərbaycanın qədim tarixini, əsrarəngiz təbiətini öyrədir. Ta qədim zamanlardan xalqımızın başına gətirilmiş müsibətlərdən, xanlıqlar dövründə Azərbaycanın keçirdiyi sarsıntılardan, ikiyə bölünmüş xalqın, torpağın ayrılıq, həsrət yanğısından söz açır. Sözsüz ki, bütün bunların kökündə onun uzun illər müəllim kimi çalışması dayanır.

Qalib ölkənin vətəndaşı olaraq fəxarətlə yaşadığımız bu günləri bizə bəxş edən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaət haqqında hələ çox əsərlər, şeirlər, mahnılar yazılacaq. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi! Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərdi. Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir. Bu, həm də Müzəffər Ordumuzun öz tarixi missiyasını uğurla yerinə yetirdiyini göstərir. Təbii ki, torpaqlarımızın qorunması istiqamətində əsas yük gecə-gündüz Vətənin keşiyində dayanan əsgərlərimizin üzərinə düşür. Amma ədəbiyyat adamları da öz mübarizəsini sözlə aparmalı və əsgərlərimizdə yüksək əhval-ruhiyyə yaradaraq onları hər zaman qələbə ruhunda yetişdirməlidir. Bu məsuliyyəti hər zaman bir qələm adamı olaraq öz üzərində hiss edən və bu məsələdə üzərinə düşən söz yükünü çəkməyə hazır olan Mövlud Teymur böyük səmimiyyətlə: “Mövlud hər əsgərə can qurban dedi, Müşkülə bir çarə tez tapan dedi”, – misraları ilə canını bu torpaq üçün sipər edən oğullara o da nəyinki sözünü, hətta canını qurban verməyə hazır olduğunu söyləyir.

Oxucuya şairi yaxından tanıtmaq üçün onun tərcümeyi-halına yenidən bir də nəzər salmağı özümüzə borc bildik.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, ixtisasca filoloq olan Mövlud Məmmədhəsən oğlu Teymurov (ədəbi təxəllüsü Mövlud Teymur) 1951-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində dünyaya göz açıb. İbtidai təhsilini Buynuz kəndində, 5 və 6-cı sinifləri qonşu Topçu kəndində oxuyub, səkkizilliyi Şamaxı şəhər Humanitar təmayüllü internat məktəbində, sonra təhsilini İsmayıllı şəhər 1 nömrəli orta məktəbində və Qalacıq kənd orta məktəbində davam etdirib, onbirliyi isə 1970-ci ildə Bakı şəhərindəki 90 nömrəli fəhlə-gənclər orta məktəbində bitirib.

1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinin əyani şöbəsinə daxil olan Mövlud Teymur 1976-cı ildə ali təhsilini başa vuraraq İsmayıllının Gəraybəyli, Uştalqışlaq, Brovdal və Buynuz kənd orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. O, ali kateqoriyalı metodist müəllim kimi gənc nəslin təlim-tərbiyəsində, onların Azərbaycan ədəbiyyatını sevməsinə böyük əmək sərf etmişdir.

Yeri gəlmişkən qeyd edək ki, o, eyni zamanda, Jurnalist Sənətkarlığı İnstitutunu da bitirib (1974-1976). Mövlud Teymur 1985-ci ilin aprelindən Bakı İxtisaslaşdırılmış Avtomobillər Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.

Orta məktəb illərindən bədii yaradıcılığa başlayan Mövlud Teymurun “Yağış” adlı ilk şeiri 1972-ci ildə dərc olunub. Sonra şeirləri “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Bakı”, “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan pioneri” və sair qəzetlərdə, “Göyərçin”, “Pioner”, “Azərbaycan qadını”, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan təbiəti”, “Kənd əməkçisinin təqvimi” və sair jurnallarda, 70-80-ci illərdə “Gənclik” və “Yazıçı” nəşriyyatlarının buraxdığı “Çinar pöhrələri”, “Mənim bağım, baharım”, “Yaşıl budaqlar”, “Vətən nəğməsi”, “Yeni səslər”, “Azərbaycan” və sair ədəbi-bədii almanaxlarda çap olunub.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Mövlud Teymur “Araz”, “Qızıl qələm”, Beynəlxalq Rəsul Rza mükafatları laureatı və Prezident təqaüdçüsüdür (2013).

Ədəbiyyata, şeirə böyük maraq göstərən Mövlud Teymur İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzeti redaksiyasında fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisinin, sonralar Bakı şəhərində əvvəl şair Vaqif İbrahimin, daha sonra Məmməd İsmayılın rəhbərlik etdiyi Azərbaycan LKGİ MK nəzdində fəaliyyət göstərən gənc yazıçıların “Respublika ədəbi birliyi”nin fəal üzvlərindən olub.

Mövlud Teymur “Bir sözüm var”, “Haqqın ömrü”, “Tarixlərdə qalacaq”, “Göyçay çinarları”, “Rəsul Rza demişkən”, “Qarabağ bizimdir”, “Çox sevirəm anamı”, “İsti adamlar”, “Ürək yanğısı”, “Qar bərəkətdir”, “İsmayıllı dağları”, “Gənclik illərim”, “Yaxşı adam”, “Qəlbimin sazı” və digər şeir kitablarının müəllifidir. Ümumilikdə 20-yə yaxın şeir və poemalar kitabı işıq üzü görən şairin bütün kitablarında ana vətənə, doğma yurda, torpağa, elə-obaya, təbii gözəlliklərə bağlılıq ülvi bir hisslə tərənnüm olunur. Həyata münasibət, insanın daxili aləminə varmaq, gəncliyə, təmiz sevgiyə, saf məhəbbətə ucadan baxmaq hissləri, duyğuları bədii dildə, obrazlı, qabarıq şəkildə verilib. Bədii cəhətdən, dil, üslub baxımından zəngin, yaddaqalan olan bu şeirlər oxucuda xoş təəssürat oyadır.

Yeni çap olunmuş “Dünya eşitsin” kitabında yer alan şeirlər bir şair qəlbinin çırpıntılarını əks etdirməklə yanaşı, onun vətən torpağına sonsuz sevgisini, insanlara xoş münasibətini, suyunu içib, havasını udduğu yurda diqqət və qayğısını göstərir. Bu şeirlərdə həm də ana təbiətə sonsuz bir bağlılıq var. Onun şeirlərini oxuduqca belə qənaətə gəlirsən ki, təbiətdə mövcud olan bütün nə varsa hamısı insanların rifahı üçündür. Onun fikrincə, təbiətdə hər şey canlıdır. Hər şey yaşayır, inkişaf edir. Bu mənada təbiət həmişə gözəldir, cavandır, təzədir. Gənc olduğu qədər də uludur. Onun şeirlərində elə məqama rast gəlinir ki, oxucu özünü bir anlığa şairin yerinə qoyur, oxuduqca fərəhlənir və Azərbaycanın cansız bir daşını da sevməyə can atır. Oxucu onun misralarına qoşulub Azərbaycanı qarış-qarış gəzir, dağda tövşüyüb, yamacda dincəlir, sərin bulaq suyundan içib canında, varlığında tükənməz bir güc hiss edir. Bu mənada şairin “İsmayıllı dağları” şeiri dediklərimizə əyani nümunədir:

Mövlud, dözüm, vüqardı,

Şah palıddı, çınardı.

Bir dövlətdi, bir vardı,

İsmayıllı dağları!

Mövlud Teymur poeziyası məxsusiliyi, ifadəliyi, obrazlılığı, şaxəliyi ilə seçilir və yadda qalır. Bu poeziya 70 illik bir zaman məsafəsində zənginləşmiş, bədii çaları ilə Azərbaycan poeziyasına orijinallıq gətirmişdir. Daim axtarışda olan şair fikir dünyasını oxucularla hər zaman bölüşür və yeni nəfəsi ilə həyatla, insanla, cəmiyyətlə bağlı mülahizə və qətiyyətini nəzmə çəkir.

Onun şeirlərini oxuduqca insanın gözü önündə həm də zəhmətkeş bir qələm adamının, həyatın sınaqlarına sinə gərən, ayaqda durmaq üçün min bir zəhmətə qatlaşan hünərli bir kişinin, əyilməz bir insanın obrazı canlanır. İstər-istəməz hiss edirsən ki, bu misralarda illərin ağrısı-acısı boy verməkdədir…

Əvvəlki kitablarında olduğu kimi, “Dünya eşitsin” şeirlər kitabı da Mövlud Teymurun qəlb çırpıntılarından, ürəyinin səsindən yoğurulub. Hansı şeirinə, hansı misrasına toxunursansa, orda əsl şair qəlbinin harayını, üsyanını, eyni zamanda sükutunu, səssizliyini duyursan. Onun dünyaya eşitdirmək istədikləri əslində təkcə Mövludun yox, bütövlükdə bir xalqın istək və arzularıdı. Sözsüz ki, sözün gücünü yaxşı bilən şair bir gün mütləq dünyanın onu eşidəcəyinə inamlıdır. Elə o inamla da yoluna davam edir, durmadan, dayanmadan, böyük həvəs və şövqlə yazıb-yaradır.