CƏMİYYƏT

Ermənilər Kəlbəcərdən milyardlarla dollar sərvət oğurlayıb

Ermənilər Kəlbəcərdən milyardlarla dollar sərvət oğurlayıb. Bu barədə mediaya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonun payına düşür. O qeyd edib ki, Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir:
“Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir.
Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış-yay müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur. 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən barbarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş tezliklə yenidən Kəlbəcərə qayıdacaq.”
 
T.Rüstəmov