CƏMİYYƏT

FHN Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 25-də səhər saatlarında nazirliyin 112 – qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Kamaz” markalı yük avtomobili ilə “Mercedes-Benz Atego” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və “Mercedes-Benz Atego” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlunun həmin nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlığından istifadə edərək vətəndaşı avtomobilin içərisindən çıxararaq xilas ediblər.

Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.