GÜNDƏM

Kəlbəcərin azad edilməsindən 1 il keçir 

Bu gün Kəlbəcər rayonunun öz doğma sahibinə qayıtmasından 1 il keçir. Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik olan rayonlardan hesab olunur. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib.
Kəlbəcərli ziyalı, professor Şahlar Əsgərov doğulduğu Kəlbəcər rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı duyğu-düşüncələrini belə ifadə edib:
“Ulu Öndər Heydər Əliyev 1996-cı ildə kəlbəcərlilərlə görüşəndə insanlara dedi ki, “Şübhəsiz ki, o gün gələcək Kəlbəcər erməni işğalından azad ediləcək. Onda bizim həmvətənlərimiz öz torpaqlarına qayıdacaq.” Hesab edirəm ki, Heydər Əliyevin dediyi sözün bir illiyidir. Yəni onun dediyi o gün bir il bundan qabaq 25 noyabrda öz təsdiqini tapdı.
Bu otuz ildə isə çox şey dəyişdi. Bizə belə bir mif sırımışdılar ki, guya ermənilər bizə qardaşdır, amma məlum oldu ki, onlar qardaş yox, düşməndir. Ermənilər bütün dünyaya yaymışdılar ki, azərbaycanlılar döyüşən millət deyil, onlara heç torpaq da lazım deyil, bunlar alverçidir, lakin məlum oldu ki, biz çox döyüşkən xalqıq. Özlərini ruslara elə sırımışdılar, güman edirdilər ki, həmişə olduğu kimi rus yenə onlara kömək əlini uzadacaq, amma burda da yanıldılar. Beləliklə, bir il belə ötdü və ikinci il başlayır. Mən güman edirəm ki, ikinci ildə Allah qoysa sizin iştirakınızla hamımız gedib Kəlbəcər torpağını ziyarət edəcəyik.

 

Mən Şuşaya qədər getmişəm, amma başqa rayonlarımızı hələ ki, ziyarət etməmişəm. O torpaqlara ayaq basanda Məmməd Aslanın keçirdiyi hissləri keçirdim. M.Aslan demişdi ki, “Qayıtmaz o Kəlbəcər, yüz Kəlbəcər qayıtsa.” Bizim qoyub gəldiyimiz Kəlbəcər yoxdur, hər şey yerlə-yeksan olunub, amma ondan da yaxşı Kəlbəcər, ağıllı şəhərlər, kəndlər qurulacaq və daha da inşallah yaxşı olacaq.”

***

Azərbaycanın Memarlıq və İnşaat Universitetinin  nəzəri mexanika kafedrasının professoru, texnika elmləri doktoru, kəlbəcərli mərhum ziyalı Sabir Quliyev Kəlbəcər həsrətini belə poetikləşdirmişdi:

 

Qadir Allah yalvarıram,
Kəlbəcərə yetir məni.
Murоvdan ta Dəlidağa
Gədiklərdən ötür məni,
Kəlbəcərə yetir məni.

İlahi məni quş eylə,
Yaylaqlara uçuş eylə,
İstərsən lap bihuş eylə.
Məhləmizə yetir məni,
Kəlbəcərə yetir məni.

Könül vətən sоrağında,
Yaş arx açıb yanağında.
Basdır yоllar qırağında,
Çinar kimi bitir məni,
Kəlbəcərə yetir məni.

Alimdə qalmayıb dözüm,
Yeriməyə tutmur dizim.
Yaradana budur sözüm–
Ziyarətə yetir məni,
Kəlbəcərə götür məni.

                                                                                                                                                                                Hazırladı: T.Rüstəmov