NİZAMİ İLİ

Nizami Gəncəvinin ədəbi irsi bəşəriyyətin söz xəzinəsinə mühüm təsir göstərib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla davam edir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirin ikinci iş günü – noyabrın 25-də “Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusu üzrə panel iclas keçirilib.

Macarıstanlı professor Miklos Sarkozinin moderatorluğu ilə keçirilən sessiyada ilk olaraq “LiFFt” nəşrinin baş redaktoru Marqarita Almuhammedovanın “Nizami poeziyası: dünən, bu gün və gələcəkdə” mövzusunda məruzəsi dinlənilib. O, Nizami Gəncəvi yaradıcılığının rəhbərlik etdiyi nəşrdə əsərlərin çapı ilə bağlı məlumat verib. Məruzəçi Rusiya və Qazaxıstan alimlərinin Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarından söz açıb.

Rusiya Milli Kitabxanasının şöbə müdiri Olqa Yastrebova “Nizami yaradıcılığı və qəhrəmanlarının miniatürləri. Rusiya Milli Kitabxanasında qorunan kolleksiya” mövzusunda məruzə edib.

İştirakçıların diqqətinə çatdırılıb ki, Rusiya Milli Kitabxanasında Nizamiyə dair 24 əlyazma var. O.Yastrebova miniatürlərin ideya-bədii xüsusiyyətlərini təhlil edib. Bildirib ki, “Xosrov və Şirin” əsərinə çəkilmiş miniatürlər öz unikallığı ilə seçilir. 1482-ci ildə Heratda yaradılan miniatürlər rəng və ekspressiyasına görə fərqlənir. Fərhadın obrazında daha çox detallar görmək olur. Geyimi onun adi əməkçi sinfinə aid olduğunu göstərir. Buxara və Kəşmir miniatürlərində Fərhad obrazı, ümumiyyətlə, çarıqsız, ayaqyalın göstərilib.

Məruzəçi həmçinin kolleksiyada qorunan “Leyli və Məcnun”, “Yeddi gözəl” (Şiraz, 1479) miniatürləri ilə bağlı da məlumat verib. “Yeddi gözəl” əlyazmasında rəssamlar Bəhramın musiqiçilərlə görüşünü, şirlərlə mübarizəsini təsvir ediblər.

Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun əməkdaşı Gaga Lomidze “XII və XVIII əsrlərdə Nizami yaradıcılığının gürcü ədəbiyyatına təsiri” mövzusunda çıxış edib. Ş.Rustavelinin Nizamidən bəhrələnərək qələmə aldığı əsərlərdən söz açan məruzəçi Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin son illərdə inkişaf etdiyini vurğulayıb. O, Nizami Gəncəvi və Şota Rustavelini Qafqaz renessansının baniləri adlandırıb. Qeyd edib ki, Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərində Nizaminin “Xosrov və Şirin” əsərinin təsiri aydın görünür.

Tbilisi Dövlət Universitetinin professoru Maka Elbakidze “Mədəniyyətlər arasında körpü – Rustaveli və Nizami” mövzusunda məruzə ilə çıxış edib. Hər iki mütəfəkkirin mistik sevgiyə müraciət etdiyini, sufi poeziyasında isə daha dərin qatlara təsir etdiyini vurğulayıb. Əsərlərdəki sevginin daha yüksək, Allaha yaxın hisslərlə təsvir edildiyini vurğulayan alim bu mərhələlərdə hər iki şairin fəlsəfi baxışlarındakı yaxınlığı qeyd edib. Bildirilib ki, gürcü professorlardan Pavel İnkorokvanın fikrincə, “Pələng dərisi geymiş pəhləvan” poemasının tədqiqi göstərir ki, Ş.Rustaveli üçün Şərq mədəniyyəti gürcü mədəniyyəti qədər yaxın və doğma idi.

Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov “Özbəkistan və Azərbaycan xalqlarının mədəni və ədəbi əlaqələrinin möhkəmləndirilməsində Nizami Gəncəvinin rolu” mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, Nizami və Əlişir Nəvai xalqlarımız arasında karandaşla körpü yaradaraq xalqlarımızın mədəni əlaqəsinin təməlini qoymuşlar.

Professor qeyd edib ki, Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır, Azərbaycan Milli Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də hər iki ölkənin mədəniyyət və ədəbiyyat xadimlərinin təbliğində layiqli layihələr həyata keçirir. Mərkəz ilk dəfə özbək dilində “Xəmsə”ni nəşr etdirib. Daşkənd Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adını daşıyır və təhsil ocağının qarşısında şairin heykəli var. Gəncədə anadan olan mütəfəkkir bütün türk xalqlarının oğludur. Özbək xalqı da Əlişir Nəvai və Nizamiyə eyni sevgini bəsləyir. Bu sevgi xalqlarımız arasında qarşılıqlıdır. İki ölkənin iki dahi şairi xalqlarımızı bir-birinə daha yaxın edir.

Sonra Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Hanzade Güzeloğlunun “Yeddi gözəl” poemasında deyimlər: Abdi – Nizami qarşılaşdırması” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı bildirib ki, Nizaminin “Yeddi gözəl”indən sonra Əmir Xosrov Dəhləvi, Rai Hidayətullah və Dərviş Əşrəf, Əlişir Nəvai, Sübhizadə Feyzi, Bursalı Lami Çələbi, Abdi və başqaları bu mövzuda əsərlər yazıblar.

Abdinin əsəri Nizami “Yeddi gözəl”inin türkcəyə tərcüməsidir. İcmal xarakterli bu tərcümədə Nizaminin əsərdə yaratdığı əsas sxem saxlanılıb. Ümumiyyətlə, Nizami özündən sonra gələn şairlərin yaradıcılığına böyük təsir göstərib və bir çox ədiblər onun irsindən bəhrələnərək əsərlər meydana gətiriblər.

Türkiyəli digər araşdırmaçı Zaur Şüküroğlu isə “Türkiyədə Nizami Gəncəvi yaradıcılığının tədqiqi” mövzusunda məruzəsində qardaş ölkə alimlərinin bu sahədə apardığı elmi tədqiqatlar barədə məlumat verib.

Məruzələrdən sonra panel iclas diskussiyalarla davam edib.

Qeyd edək ki, “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusuna həsr olunan foruma noyabrın 26-da yekun vurulacaq.